İDMAN
Argentina qəzeti Azərbaycan səfirinin Avropa Oyunları ilə bağı məqaləsini dərc edib
Bakı, 30 may, AZƏRTAC
Argentinanın “Cronista” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadənin “Bakı-2015” birinci Avropa Oyunları: Avropanın sülh bayramı” adlı məqaləsi dərc olunub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC–a bildiriblər ki, səfir “Bakı-2015”-in bundan sonra keçiriləcək Avropa Oyunları üçün bir model rolunu oynayacağını yazır. Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Oyunlarını tarixi hadisə kimi qiymətləndirdiyini vurğulayan diplomat ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsinin, qısa zamanda Avropa Oyunlarının Olimpiya Oyunları səviyyəsində təşkilinin təmin olunması məqsədilə müasir infrastrukturun yaradıldığını diqqətə çatdırır.
Birinci Avropa Oyunlarının ev sahibi kimi Azərbaycan paytaxtının seçilməsinin təsadüfi olmadığını bildirən Məmməd Əhmədzadə bu xüsusda ölkəmizin Avropanın Asiyaya açılan qapısı və Avropa ilə Şərq sivilizasiyalarının qovuşduğu nöqtə olduğunu, Azərbaycan xalqının Avropa dəyərləri ilə İslam ənənələrinin sintezini yaradaraq müsəlman Şərqində ilk teatr, opera, balet kimi mədəniyyət nümunələrinin və parlamentli respublikanın əsasını qoyduğunu diqqətə çatdırır. Azərbaycanın yüksək tolerantlıq, müxtəlif təriqətlərin sülh şəraitində birgə yaşaması və dünyəvilik kimi cəhətlərə malik və mədəniyyətlərarası dialoqda nümunəvi ölkə olduğunu vurğulayan diplomat 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçiriləcəyini qeyd edir.
Məqalədə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə və Avropa ilə Asiya arasında nəqliyyat dəhlizinin inkişafına verdiyi töhfələrdən söhbət açılır, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP, TAP qaz kəmərləri, TASİM transmilli fiber-optik internet xətti kimi strateji enerji və infrastruktur layihələrində aparıcı ölkə, bu layihələrin isə qədim İpək Yolunun bərpasına yönələn əsas vasitələrdən olduğu vurğulanır.
M. Əhmədzadə Azərbaycanda idmanın dövlət siyasətinin vacib sahələrindən biri olduğunu, ölkəmizin Avropada əhəmiyyətli idman mərkəzlərindən birinə çevrildiyini, Azərbaycan idmançılarının beynəlxalq yarışlarda yüksək nəticələr nümayiş etdirdiyini diqqətə çatdırır.
Qeyd edilir ki, Azərbaycanda önəmli idman qurğuları ilə yanaşı, turizm sənayesinə və nəqliyyat infrastrukturuna böyük sərmayələr yatırılıb ki, bütün bunlar da Azərbaycanda gələcəkdə keçirilməsi nəzərdə tutulan çoxsaylı beynəlxalq idman tədbirlərinin yüksək səviyyədə təşkilinə xidmət edəcək.
Diplomat məqaləni bu fikirlərlə bitirir: “Hamını Avropanın sülh, dostluq və idman bayramı olacaq “Bakı-2015”-i izləmək üçün Azərbaycana dəvət edirik. Bu, həmçinin Şərqin Avropa cazibəsi olan, Avropa ilə Asiyanın qovuşduğu, qədimiliklə müasirliyi birləşdirən ölkəmizi tanımaq üçün gözəl bir fürsət olacaq”.