MƏDƏNİYYƏT
Argentina xoş günündə sevincini Azərbaycan xalqı ilə bölüşür
Bakı, 26 may, Zərəngiz Mansurova, AZƏRTAC
Mayın 26-da Beynəlxalq Muğam Mərkəzində Argentinanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə bu ölkənin milli bayramına həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycanın və Argentinanın Dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən Argentinanın səfiri Karlos Dante Riva ölkələr arasındakı dostluq münasibətlərindən söhbət açıb. Bildirib ki, belə tədbirlərin təşkili hər iki xalq arasında əlaqələri daha da genişləndirir. Səfir Argentinanın xoş günündə sevincini Azərbaycan xalqı ilə bölüşdüyündən qürur duyduğunu deyib.
Qeyd edilib ki, iki ay sonra Müasir İncəsənət Muzeyində beş argentinalı rəssamın oyma üslubunda əl işlərindən ibarət sərginin açılması və ilin sonunadək iki yazıçının kitabının Azərbaycanda təqdimatının keçirilməsi planlaşdırılır.
Xarici işlər nazirinin müavini Nadir Hüseynov Azərbaycan xalqının hər zaman dost Argentinanın yanında olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyanlardan biri Argentina olub. Ölkələr arasında əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dostluq əlaqələri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonda Azərbaycan incəsənət ustalarının ifasında Argentina bəstəkarlarının əsərləri təqdim olunub.