CƏMİYYƏT
Argentinada “Azərbaycan haqda nə bilirəm?” mövzusunda inşa və rəsm müsabiqəsi keçirilib
Bakı, 14 may, AZƏRTAC
Azərbaycanın Argentinadakı səfirliyi tərəfindən Argentina İslam Mərkəzinin nəzdində fəaliyyət göstərən Omar Bin Alxattab kollecinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş “Azərbaycan haqda nə bilirəm?” mövzusunda inşa və rəsm müsabiqəsi keçirilib.
Azərbaycanın Argentinadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, müsabiqədə iştirak edən şagirdlər Azərbaycanın coğrafiyası, təbii ehtiyatları, incəsənəti, mətbəxi, milli bayram və adət-ənənələri, qədim tarixi və müasir dövründən bəhs edən araşdırma xarakterli inşalar yazıb və rəsm əsərləri çəkiblər.
Omar Bin Alxattab kollecinin tədbir zalında müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi təşkil edilib. Tədbirdə kollecin 300-dən çox şagirdi, rəhbərlik və müəllim heyəti, Argentina İslam Mərkəzinin rəhbərliyi, habelə yerli müsəlman icmasının aparıcı simaları iştirak edib.
Tədbirdə çıxış edən səfir Rəşad Aslanov ümummilli lider Heydər Əliyevin həyat yolu və ölkəmizin çiçəklənməsi istiqamətindəki müstəsna xidmətləri haqda iştirakçılara məlumat verib. Ulu Öndərin xatirəsinə həsr olunmuş müsabiqənin məhz məktəbli uşaqlar arasında keçirilməsinin vacib mənəvi əhəmiyyət daşıdığını deyən Rəşad Aslanov ölkəmizdə uşaq siyasətinin əsasının məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, onun uşaqların təhsili, sağlamlığı və təlim-tərbiyəsinə daim diqqət göstərdiyini bildirib.
İslam Mərkəzinin vitse-prezidenti Əbdülhəmid Hageg bu müsabiqə sayəsində kollecdə təhsil alan şagirdlərin Azərbaycanın simasında yeni və maraqlı bir ölkə kəşf etdiklərini və araşdırma apardıqca ölkəmizin təbii və mədəni gözəlliklərinə valeh olduqlarını deyib.
Çıxışlardan sonra müsabiqənin qaliblərinə diplomlar və müxtəlif hədiyyələr təqdim edilib.
Mərasim Argentina İslam Mərkəzinin rəsmi televiziya proqramı olan və həftənin bazar və bazar ertəsi günləri Argentina Dövlət Televiziyasında yayımlanan El Calamo proqramı tərəfindən lentə alınıb.
Sonda səfir Rəşad Aslanov El Calamo proqramına ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycanın Argentina ilə münasibətləri və İslam Mərkəzi ilə əməkdaşlığa dair müsahibə verib.