İDMAN
Argentinada futbolçular meydanda əlbəyaxa olub VİDEO
Bakı, 2 fevral, AZƏRTAC
Argentinada ölkə kubokunda bol qollar əvəzinə meydanda bol yumruqlar “danışıb”.
AZƏRTAC xəbər verir ki, La-Plata şəhərində eynişəhər təmsilçiləri olan “Estudiantes” və “Gimnasia” futbol komandaları arasında kubok matçı keçirilib. Görüş futbolçular arasında başlanan kütləvi dava üzündən yarımçıq saxlanılıb.
Hadisə “Estudiantes”ə məxsus stadionda təşkil edilmiş qarşılaşmanın uzatma dəqiqələrində hesab 1:0 meydan sahiblərinin xeyrinə olduğu vaxt qızışıb. Həmin vaxt meydan sahibi klubun oyunçularından biri qonaqların futbolçusuna qarşı kobud davranıb. Baş hakim ona qırmızı vərəqə göstərib. Lakin bu da qarşıdurmanı səngitməyib.
Hər iki komandanın əsas və əvəzedici heyət oyunçuları, eləcə də məşqçilər əlbəyaxa döyüşə çıxıblar. Təhlükəsizlik əməkdaşlarının işə müdaxiləsindən sonra münaqişənin qarşısını almaq mümkün olub. Əlacsız qalan hakimlər briqadası isə matçı yarımçıq başa vurmağa məcbur qalıblar.