MƏDƏNİYYƏT


Argentinanın “Victor Huqo Villena's band” musiqi qrupu Bakıda çıxış edib

A+ A

Bakı, 24 noyabr, Flora Şükürova, AZƏRTAC

Noyabrın 24-də Argentinanın dünyaca məşhur “Victor Huqo Villena's band” musiqi qrupu Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində baş tutan konsert proqramı Mədəniyyət və Turizm Nazirliyi və Argentinanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə reallaşıb.

Tədbirdə Argentinanın ölkəmizdəki səfiri Karlos Dante Riva çıxış edərək ölkələrimiz arasındakı diplomatik münasibətlərdən söz açıb. İki ölkə arasında mədəni əlaqələrin inkişafına toxunan səfir deyib ki, belə tədbirlərin keçirilməsi olduqca əhəmiyyətlidir.

“Bu gün biz Argentina ilə Azərbaycan arasında diplomatik əlaqələrin yaranmasının yeni ildönümünü qeyd edirik. Belə bir önəmli tədbiri iki ölkənin mədəniyyətinin sintezi olacaq konsert proqramı ilə reallaşdırdıq. Konsertimizdə ilk hissədə tanqo, ikinci hissədə muğam və sonda iki xalqın dostluğunu simvolizə edən kompozisiya səsləndiriləcək”, - deyə argentinalı diplomat vurğulayıb.

Daha sonra konsert proqramına start verilib.

“Tango and Mugham” layihəsi çərçivəsində gerçəkləşən musiqili gecədə bir-birindən maraqlı və rəngarəng ifalar təqdim olunub. Konserti musiqi qrupunun üzvləri Maurisio Enriki Anqarita (kontrabas), Dieqo Martin Trosman Benhamo (gitara) və Xavyer Estrella (zərb alətləri) müşayiət ediblər.

Gecədə Azərbaycanın tanınmış ifaçılarının da çıxışları dınlənilib. Belə ki, Xalq Artisti Mənsum İbrahimov Əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança) və Kamran Kərimovun (nağara) müşayiəti ilə bir sıra xalq və bəstəkar mahnılarını, o cümlədən milli muğamlarımızı ifa edib.

Hər iki tərəfin təqdim etdiyi kompozisiyalar həqiqi musiqi zərifliyini qoruyaraq daha çox harmonikliyi ilə seçilib. Səslənən musiqi nömrələrində ifaçılar üslubu və ritmlərin mükəmməl sintezini ustalıqla canlandırıblar.

Müxtəlif musiqi janrlarının sintezindən ibarət universal musiqi üslubunun nümayiş olunduğu konsert proqramı maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.