MƏDƏNİYYƏT
Argentinanın aparıcı turizm şirkətlərinin nümayəndələri Azərbaycanda
Bakı, 6 noyabr, AZƏRTAC
Argentinanın aparıcı turizm şirkətlərinin nümayəndələri ölkəmizdə tanışlıq səfərindədirlər. Səfər Azərbaycana turistlərin cəlb olunması, həmçinin Argentinanın aparıcı turizm şirkətləri ilə ölkəmizdə fəaliyyət göstərən turizm şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi və turizm imkanlarının tanıdılması məqsədilə təşkil olunub.
Noyabrın 10-dək davam edəcək bu tanışlıq səfəri Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Argentinadakı səfirliyi və “Türk Hava Yolları”nın birgə təşkilatçılığı ilə reallaşıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində “Boulevard” mehmanxanasında Argentinanın aparıcı turizm şirkətləri ilə Azərbaycanın turizm şirkətləri arasında işçi görüşü keçirilib. Görüşdə “Geo-travel”, “İmprotex travel”, “Regea travel”, “Millennium Tourism and Congress DMC”, “Atlas travel”, “Gilan Tourism”, “Victory tour”, “Spektr travel” və “Turizm.az” turizm şirkətləri iştirak etmişdir.
Görüşdə nazirliyin turizm şöbəsinin müdir müavini Rauf Paşayev çıxış edib, həmçinin ölkəmizin turizm potensialına dair videotəqdimat olub.
Tədbir çərçivəsində qarşılıqlı turist mübadiləsinə dair danışıqlar aparılıb və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Səfər çərçivəsində qonaqlar paytaxt Bakı ilə yanaşı, Qəbələ və Şəkiyə səfər edərək bu regionların turizm potensialı ilə yaxından tanış olacaqlar.