CƏMİYYƏT


Arı və onun məhsulları

Bakı, 16 iyun, AZƏRTAC 

Arı dünyanın ən böyük loğmanı, onun istehsal etdiyi məhsullar isə əvəzsiz dərmandır. Qədim tarixə malik həşərat barədə danışan biologiya üzrə fəlsəfə doktoru Mahmud Hümbətov AZƏRTAC-ın müxbirinə deyib:

“Paleontoloqların araşdırmalarına görə, arılar 40 milyon il bundan əvvəl yaranıb və elə o vaxtdan da eyni işləri yerinə yetirir. Qədim yunanlar və romalılar arıları adi canlı deyil, “müqəddəs varlıq” ,”Günəşin qızı” adlandırırdılar. Qədim alman əfsanələrinə görə, arılar qızıl eradan qalma yeganə varlıqlardır. Bibliyada yazılıb: “Arılar uçan canlılar arasında azlıq təşkil edir, amma onun yaratdıqları nemətlərin ən gözəlidir”. Qurani-Kərimin “Ən-Nəhl” surəsində də arıdan bəhs olunur. Dünyanın məşhur alimlərindən olan Albert Eynşteyn deyirdi ki, arılar qırılandan dörd il sonra dünya məhv olacaq. Çiçəkli bitkilərin 80 faizinin tozlanması arıların iştirakı ilə gedir.”

Arı məhsulları insan orqanizmi üçün əvəzedilməz qida, sağlam yaşamaq və uzun ömür sürmək üçün çox vacib nemətlərdir. Təsadüfi deyil ki, dünyada 100 yaş və daha artıq yaşayanların böyük əksəriyyəti arıçılar və onların ailə üzvləridir. Onun istehsal etdiyi məhsulun hər biri sağlamlıq üçün vacib və əhəmiyyətlidir.

Həmin məhsulların faydası, istehsalı və sağlamlıq əhəmiyyəti barədə danışan mütəxəssis geyib: “Arılar gülləmdən süd hazırlayır, xüsusi vəzlərdən mum ifraz edir, şanı toxuyur. Arı məhsullarının tərkibi zülal, karbohidrat, mineral maddə, ferment və hormonlarla zəngindir. Müxtəlif bitkilərin çiçəklərindən yığılan arı məhsulları yüksək kalorili qida və müalicəvi əhəmiyyətə malikdir. Həmin məhsullar bəsit kimyəvi quruluşa malik olduğuna görə orqanizm onu tez mənimsəyir və asan parçalanır. Lakin arı məhsulları dedikdə təkcə qida başa düşülməməlidir. Onun orqanizm üçün faydalı olan və müxtəlif müalicəvi məqsədlər üçün istifadə olunan çoxlu məhsulları var: bal, mum, bərəmum (propolis), çiçək tozcuğu, güləm, arı südü, arı zəhəri, dərisi, cəsədi, mum güvəsi ekstraktı və erkək arı sülfələrinin ekstraktı.

Həmin məhsullar tərkibinə və müalicəvi xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Arı məhsullarından yeyinti sənayesində, kosmetik və ətriyyat məhsulları istehsalında, təbabətdə və farmakologiyada geniş istifadə edilir və ondan müxtəlif maddələr hazırlanır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.