REGİONLAR
Arıçılar Bakıda keçiriləcək respublika sərgi-satış yarmarkasına dəvət olunurlar
Bakı, 9 sentyabr, AZƏRTAC
Oktyabrın 15-dən noyabrın 15-dək Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakı şəhəri, Nobel prospekti, 23 ünvanında, “Amay” ticarət mərkəzində arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası keçiriləcək.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən bildirilib.
İştirak etmək istəyən arıçılardan Kənd Təsərrüfatı Nazirliyinin “1652” nömrəli Çağrı mərkəzinə müraciət (zəng) edərək qeydiyyatdan keçmək xahiş olunur.
Yarmarkada yalnız bilavasitə arıçılıq fəaliyyəti ilə məşğul olan (arı saxlayan və arıçılıq məhsulları istehsal edən) fiziki və ya hüquqi şəxslər iştirak edə bilərlər.
Yarmarkada müəyyən edilmiş keyfiyyət standartlarına cavab verən təbii balın və digər arıçılıq məhsullarının satışına icazə veriləcək. Arıçı-fermerlər tərəfindən yarmarkaya təqdim ediləcək arıçılıq məhsulları əvvəlcədən müvafiq qaydada zona baytarlıq laboratoriyalarında və Respublika Baytarlıq Laboratoriyasında müayinədən keçirilməlidir. Keyfiyyət göstəriciləri müvafiq laboratoriya tərəfindən təsdiq edilən arıçılıq məhsulları xüsusi nişanlanmış və arıçılıq məhsullarının saxlanılmasına icazə verilən ağzı kip bağlanmış qablarda akt əsasında yarmarkanın müvəqqəti saxlanma anbarında yerləşdiriləcək.
Keyfiyyət göstəricilərini təsdiq edən müvafiq sənədi olmayan arıçılıq məhsullarının sərgi-satış yarmarkasında nümayişinə və satışına yol verilməyəcək.
Sərgi-satış yarmarkasında iştirak etmək istəyən arıçıların qeydiyyatı sentyabrın 15-dən oktyabrın 7-dək aparılacaq. Qeydiyyatdan keçmiş arıçılar məhsullarının müayinəsi üçün nazirliyin əməkdaşlarına dəstək göstərməyə dəvət edilirlər.
Maraqlanan şəxslər əlavə məlumat əldə etmək üçün digər əlaqə vasitələri ilə də (Tel: +99412 4936319 və ya +99412 4935164, www.agro.gov.az, yazılı formada) nazirliyə müraciət edə bilərlər.
Nazirliyin “1652” nömrəli Çağrı mərkəzi qeydiyyat aparılan müddətdə istirahət günləri də daxil olmaqla, səhər saat 9-dan 18.00-dək fasiləsiz rejimdə fəaliyyət göstərəcək.