CƏMİYYƏT
Arıçılıq Mərkəzində təmiz cinsli damazlıq arılarının alınması layihəsi reallaşdırılır
Bakı, 15 oktyabr, AZƏRTAC
Arıçılıq təbiətin, kənd təsərrüfatının inkişafına xeyir verən yeganə sahədir. Ölkəmizdə bu sahənin inkişafına çox ciddi dəstək verilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyib.
O qeyd edib ki, ölkəmizdə arıçılığın inkişaf etdirilməsi istiqamətində tədbirlər həyata keçirilir: “Artıq bir ilə yaxındır ki, Heyvandarlıq İnstitutunun nəzdində Arıçılıq Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzdə FAO-nun dəstəyi ilə süni mayalama yolu ilə təmiz cinsli damazlıq arılarının alınması layihəsi reallaşdırılır. Ötən dövrdə 100-ə yaxın təmiz cinsli damazlıq arılarının əldə edilməsinə nail olmuşuq. Bu, çox böyük göstəricidir”.
Nazir müavini, həmçinin əlavə edib ki, FAO Sloveniya hökumətinin təklifi əsasında hər il mayın 20-nin dünyada Arıçılıq günü kimi qeyd edilməsi məsələsi üzərində işləyir.