MƏDƏNİYYƏT


Arif Əmrahoğlunun xatirəsinə həsr edilmiş tədbir keçirilib

A+ A

Bakı, 31 oktyabr, Z.Mansurova, AZƏRTAC

Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda tanınmış ədəbiyyatşünas alim, unudulmaz müəllim, dəyərli ziyalı, uzun illər qurumun katibi vəzifəsində çalışmış Arif Əmrahoğlunun anadan olmasının 62-ci ildönümü münasibətilə anım tədbiri keçirilib.

AYB-nin sədri, Xalq Yazıçısı Anar Arif Əmrahoğlunun dəyərli ədəbiyyatşünas alim və əvəzsiz insan kimi müsbət xüsusiyyətlərindən söhbət açıb.

Bildirilib ki, 70-ci illərdə ədəbiyyata hekayə ilə gəlmiş A.Əmrahoğlu istedadlı tənqidçi, ədəbiyyatşünas alim kimi tanınmışdı. 2004-cü ildən ömrünün sonunadək AYB-nin katibi vəzifəsini icra edən görkəmli alimin “Nəsrin poetikası”, “Sözə inam sabahımızdır”, “Epik sözün bədii gücü”, “Türk xalqları ədəbiyyatı”, “Mən xoşbəxtəm ki, anlamağa qadirəm” və s. kitabları ədəbi ictimaiyyətin diqqət mərkəzində olub.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru Muxtar Kazımoğlu, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Əlioğlu, Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi Zaman Əsgərli və başqaları ədəbiyyatşünas alimin A.P.Çexovun ana dilimizdə nəşr olunan üçcildlik “Seçilmiş əsərləri”nin, Moskvada rus dilində işıq üzü görən M.F.Axundzadənin “Seçilmiş əsərləri”nin tərtibçisi kimi böyük xidmətlərini diqqətə çatdırıblar.

Yorulmadan çalışan, uzun illər Azərbaycan Universitetində pedaqoji fəaliyyətlə məşğul olan Arif Əmrahoğlunun gənc alimlər nəslinin yetişməsində böyük əməyi olduğu vurğulanıb. Yaxın dostları, həmkarları onun barəsində keçmiş zamanda danışmağın çətin olduğunu söyləyiblər.

Digər çıxış edənlər də Arif Əmrahoğlunu təvazökar insan, gözəl müəllim, görkəmli alim, dəyərli elmi əsərlərin müəllifi kimi daim qəlblərdə yaşayacağını qeyd ediblər.

Mərasimdə görkəmli alimin həyat və yaradıcılığından bəhs edən film nümayiş etdirilib.

Anım tədbiri çərçivəsində alimin “Hər kəs üçün yaxşı - Arif Əmrahoğlu” kitabının təqdimatı olub. Kitabın redaktoru Zaman Əsgərli, tərtibçisi Arzu Mahmudovadır.

Sonda alimin qızı Günel Arifqızı ailəsi adından tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.