REGİONLAR
Arının “dili”ni öyrən, sonra arıçı ol VİDEO
İsmayıllı, 26 iyun, Adil Ağayev, AZƏRTAC
İsmayıllı rayonunda son illər qədim təsərrüfat sahəsi olan arıçılıq sürətlə inkişaf edir. Son 10 ildə bölgədə arı ailələrinin sayı 2600-dən 5900-ə çatıb. Təbii ki, bu müddətdə bal istehsalı da çoxalıb, 19,5 tondan 60 tonadək yüksəlib. Hər il təkcə Bakı şəhərində təşkil edilən yarmarkalara 6 tonadək İsmayıllı balı çıxarılır. Artıq bu gün İsmayıllıda yeni arıçı nəsli formalaşıb və onlar son dərəcə həssaslıq və incəlik sevən bu sahənin inkişafında mühüm rol oynayırlar. Bu cür arıçılardan biri rayonun Cülyan kənd sakini, 11 ildən çox arıçılıqla məşğul olan Müşviq Hüseynovdur.
AZƏRTAC-ın müxbiri ilə söhbətində balın təkcə şəfaverici xüsusiyyətləri ilə deyil, həm də zəruri məhsul kimi insan üçün faydalı olduğunu söyləyən arıçı Müşviq Hüseynov bildirib: “Təsadüfi deyildir ki, dünya şöhrətli təbib İbn Sina vaxtilə deyib ki, “əgər ömür sürmək və cavan qalmaq istəyirsənsə, onda mütləq bal yeməlisən”. Əlbəttə, baldan istifadə kortəbii olmamalıdır. Müəyyən edilib ki, bir adama gündə çəkisinin hər kiloqramı üçün 0,5-1 qram bal normadır”.
“Bal min bir dərdin dərmanıdır” deyimi heç də təsadüfi deyil. Güləm, arı südü, bərəmum (vərəmum, dərdəmum), mum, möhür (balın qaymağı), bal arısının ölüsü, arı zəhəri və sair müxtəlif xəstəliklərin təbii dərmanıdır. Bir faktı qeyd edək ki, bir qozada (Arı şahının yuvasında) olan amin turşusunun miqdarı 25 litr camış südündə olan amin turşusunun miqdarına bərabərdir.
Məşhur arıçılar da deyirlər ki, dörd həftə arı südü qəbul edən şəxs düz bir il xəstəliklərdən sığortalanır. Vərəmum isə mədə-bağırsaq xəstəliyinin dərmanıdır. Güləmin balla qarışığı qan-damar sistemini tamamilə təmizləyir. Hər səhər ac qarına bir xörək qaşığı balı az-az qəbul edən şəxs heç vaxt ürəyindən şikayətlənməz.
Müşviq Hüseynov bütün bunları arıçılığa olan marağının səbəblərindən biri kimi qeyd edib. O, arıçılığın ailə büdcəsi üçün də faydalı olduğunu söyləyərək deyib: “Arı məhsullarına tələbat ildən-ilə artır. Bu məhsulların faydasını görən insanlar tərəfindən sifarişlər çoxalır. Bu da əlbəttə, yaxşı gəlir gətirir”.
“Arıçılıq çətin sahədir. Buna baxmayaraq son dərəcə maraqlı, məşğul olmalı peşədir.”, - deyən arıçı bildirib: “Mənim müəllimim şamaxılı, “Rəbbimizin rəvası, arıların şəfası” kitabının müəlliflərindən bir Fazil Təhməzov olub. O, tez-tez deyərdi ki, “arının dilini” öyrən, yoxsa səndən arıçı olmaz”. Bu dili öyrənmək isə heç də asan deyil. Hər ailədə 60-70 min arı olur. Hamısının da öz iş bölgüsü var. Gərək onların nizamını pozmadan, işlərinə maneçilik törətmədən vaxtında lazımi dəstəyini verəsən. Təsəvvür edin, axşamüstü yol azan və ya yorulan işlək arı bir ailəyə enmək məcburiyyətində qalır. Ailə gətirdiyi yemə toxunmadan onu qəbul edir və səhərədək gecələməsinə imkan yaradır. Səhəri isə qonaq arı uçub getməlidir. Əks təqdirdə, onu öldürüb çölə atırlar”.
Arının halallığı və təmizliyi sevən canlı olduğunu bildirən M.Hüseynov qeyd edib ki, arını cənnət canlısı adlandırırlar. Odur ki, halallığı və təmizliyi sevəndir: “Ümumən bu canlı ilə əlaqədar müqəddəs “Qurani Kərim”in 16-cı, “Ən-Nəhl” (bal arısı) surəsinin 68 və 69-cu ayələrində də ayrıca xoş deyimlər vardır. Bəli, arı ailəsi təmizliyi çox sevir, halallıq da vacibdir”.