DÜNYA
Arizonada qəfil daşqın 9 nəfərin həyatına son qoyub
Bakı, 17 iyul, AZƏRTAC
ABŞ-ın cənub-qərbində yerləşən Arizona ştatında daşqın nəticəsində azı 9 nəfər, o cümlədən 6 uşaq həlak olub, bir nəfər itkin düşüb. Bu barədə məlumatı The New York Times qəzeti yayıb.
AZƏRTAC varici KİV-lərə istinadla xəbər verir ki, iyulun 15-də Verde çayında çimən bir qrup insanı daşqın qəfil yaxalayıb. Yağışsız bir havada suyun səviyyəsi gözlənilmədən qalxıb və 14 nəfər sahilə yetişə bilməyib. Axtarış-xilasetmə əməliyyatları zamanı 9 nəfərin cəsədi tapılıb, dörd nəfər xilas edilib. Bu gün səhər xilasedicilər itkin düşmüş 13 yaşlı oğlanın axtarışını davam etdirəcəklər.
Qəzetə məlumat verən polis nümayəndəsinin sözlərinə görə, meteoroloji xidmətlər ştatda mümkün qəfil daşqınlar ola biləcəyinə dair xəbərdarlıq yaymışdılar. Lakin hadisənin baş verdiyi ərazi ehtimal olunan təhlükə zonasından uzaqda yerləşirdi.