MƏDƏNİYYƏT
“Arşın mal alan” operettası Los-Anceles şəhərində nümayiş etdiriləcəkdir VİDEO
Vaşinqton, 6 sentyabr (AZƏRTAC). Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi ilə sentyabrın 7-də bu şəhərdə fəaliyyət göstərən və dünyanın ən məşhur opera teatrlarından olan “Dorothy Chandler Pavilion”da “Arşın mal alan” operettası səhnəyə qoyulacaqdır. Bu, “Arşın mal alan”ın ABŞ-da belə miqyasda və formada ilk səhnələşdirilməsidir.
Operettanın 100 illik yubileyinə həsr olunmuş tamaşanın prodüseri tanınmış amerikalı bəstəkar Maykl Şnakdır. Bütün rolların ifaçıları ABŞ-ın məşhur opera müğənniləridir. Operettanın mahnıları Azərbaycan dilində ifa ediləcək, dialoqları isə ingilis dilində aparılacaqdır. Musiqilər Los-Ancelesdə fəaliyyət göstərən nüfuzlu orkestr tərəfindən ifa ediləcəkdir.
Tamaşa ilə bağlı Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu tərəfindən ayrıca internet səhifəsi yaradılmış (www.clothpeddler.us), videoçarx hazırlanaraq şəhərin telekanallarında nümayiş etdirilmişdir (http://youtu.be/B-eggDWKgoQ).
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton