QAN YADDAŞI
Artıq 25 ildir ki, Xocalı faciəsini ürək ağrısı ilə xatırlayırıq
Bakı, 26 fevral, P.İmanova, AZƏRTAC
Artıq 25 ildir ki, Xocalı faciəsini ürək ağrısı ilə xatırlayırıq. İllər ötəcək, nəsillər dəyişəcək, lakin xalqımız 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri heç vaxt unutmayacaq. Vətən övladlarımızın xatirəsi ürəklərdə əbədi yaşayacaq. Biz gələcək nəsillərə Xocalı soyqırımı, mənfur qonşularımızın zaman-zaman başımıza gətirdikləri qanlı hadisələr barədə məlumat veririk. Şagirdlərimizə bu faciələri unutmamağı, torpaqlarımızın azadlığı uğrunda vətənpərvər olmağı tövsiyə edirik.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Xocalı soyqırımı abidəsini ziyarət etməyə gələn paytaxtdakı 261 nömrəli məktəb liseyin müəllimi Svetlana Quliyeva söyləyib.
S.Quliyeva vurğulayıb ki, tarixboyu xalqımıza qarşı amansız terror və etnik təmizləmə siyasəti həyata keçirən təcavüzkar erməni millətçilərinin Xocalıda törətdikləri vəhşiliklər bəşər tarixinə öz dəhşətli anları ilə möhürlənmiş soyqırımı hadisəsidir.