İQTİSADİYYAT
Arxangelsk müxtəlif sahələrdə Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır
Bakı, 27 may, AZƏRTAC
Arxangelsk müxtəlif sahələrdə, o cümlədən sosial, mədəni və iqtisadi sahələrdə Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır.
AZƏRTAC Arxangelsk administrasiyasının saytına istinadla xəbər verir ki, bunu “Arxangelsk şəhəri” bələdiyyə qurumunun başçısı İqor Qodziş Azərbaycan Respublikası nümayəndə heyətinin üzvləri ilə görüşündə bəyan edib.
Azərbaycanın İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev bildirib ki, səfər Arxangelsk diyarı ilə tanış olmaq, əməkdaşlıq perspektivlərini müzakirə etmək məqsədi daşıyır. O deyib: “Biz keyfiyyətli mallarımızı satmaq üçün Arxangelskdə ticarət evi, habelə Dostluq Mərkəzi açmağı planlaşdırırıq. Əminəm ki, qarşıda bizi səmərəli əməkdaşlıq gözləyir. Bu gün iqtisadi əməkdaşlıq və mədəniyyət sahələrində birgə layihələrin inkişafına dair konkret razılaşmalar müzakirə olundu”.
Görüşdə Arxangelsk və İmişli şəhərlərinin qardaşlaşması barədə müqavilənin imzalanması imkanları da müzakirə edilib.