İQTİSADİYYAT


Arxangelsk vilayəti Azərbaycanda sənaye parklarının inkişafı sahəsində qazanılmış təcrübə ilə maraqlanır

A+ A

Bakı, 2 noyabr, AZƏRTAC

Rusiya Federasiyasının Arxangelsk vilayəti Azərbaycanda sənaye parklarının inkişafı sahəsində qazanılmış təcrübə ilə maraqlanır.

AZƏRTAC xəbər verir ki, Bakıda keçirilmiş VII Azərbaycan-Rusiya Regionlararası Forum çərçivəsində Arxangelsk vilayətinin investisiya potensialının təqdimatında bu haqda söhbət gedib.

Arxangelsk vilayəti hökuməti sədrinin müavini Viktor İkonnikov bildirib ki, 2016-cı ilin birinci yarısında Arxangelsk vilayəti ilə Azərbaycan arasında xarici ticarət dövriyyəsinin həcmi təqribən 7 milyon ABŞ dollarına bərabər olub. Bu, keçən ilin müvafiq dövrünün göstəricisindən bir qədər aşağıdır.

Sədr müavini deyib: “Biz yeni logistik həllər, yeni tərəfdaşlar, o cümlədən Azərbaycan Respublikasında fəal inkişaf etməkdə olan gəmiqayırma sahəsində istehsal müəssisələrinin sənaye kooperasiyasının uğurlu formalarını tapmalıyıq. Bundan əlavə, Azərbaycan ərazisində sənaye parklarının inkişaf etdirilməsi sahəsində qazanılmış təcrübə də bizim üçün maraqlıdır”.

2015-ci ildə Arxangelsk vilayəti ilə Azərbaycan arasında xarici ticarət dövriyyəsinin həcmi təqribən 22 milyon ABŞ dollarına bərabər olub. Rusiyanın bu regionundan ixracın əsasını meşə sənayesi kompleksinin məhsulları, idxalın əsasını isə kənd təsərrüfatı malları təşkil edir.

Arxangelsk vilayəti aqrosənaye kompleksi və ticarət nazirinin müavini İrina Bajanova deyib ki, cənubda yetişən meyvə və tərəvəz tədarükü Arxangelsk regionunda fəaliyyət göstərən iri ticarət şəbəkələri üçün maraqlıdır. O deyib: “Bu gün biz Azərbaycandan vilayətə meyvə və tərəvəzin birbaşa göndərilməsini təşkil etməyə imkan verən həllər axtarırıq”.

Arxangelsk vilayəti nümayəndə heyətinin üzvləri forum çərçivəsində kiçik və orta biznesin dəstəklənməsi formalarını, aqrar sahədə Pomorye ilə Azərbaycanın əməkdaşlığının inkişaf etdirilməsi mexanizmlərini müzakirə ediblər. Yeni işgüzar əlaqələr yaradılması məqsədilə Rusiya və Azərbaycan şirkətlərinin nümayəndələri arasında görüşlər keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.