QAN YADDAŞI
Arxeologiya və Etnoqrafiya İnstitutunda soyqırımı qurbanlarının xatirəsi yad olunub
Bakı, 31 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
İnstitutun direktoru, professor Maisə Rəhimova qeyd edib ki, 1918-ci ilin yazında Bakı şəhərində və Azərbaycanın qəzalarında daşnak-bolşevik birləşmələrinin azərbaycanlı əhaliyə qarşı törətdikləri vəhşiliklər həm hüquqi, həm də siyasi baxımdan soyqırımı kimi qiymətləndirilməlidir. Məhz buna görə də ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmana əsasən, martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Həmin vaxtdan etibarən hər il martın 31-i ölkədə Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur.
Bildirilib ki, 1918–ci ilin mart soyqırımının sübutu olan Quba soyqırım məzarlığında ilk tədqiqatları institutun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Qəhrəman Ağayevin rəhbərlik etdiyi ekspedisiya aparıb.
Tədbirdə akademik Teymur Bünyadov və başqaları çıxış edərək 31 mart soyqırımının daim Azərbaycan xalqının qan yaddaşında yaşayacağını, ermənilərin bəşəriyyətə qarşı cinayətlərinin gec-tez dünya ictimaiyyəti tərəfindən hüquqi və siyasi qiymətini alacağına inamlarını bildiriblər.