MƏDƏNİYYƏT
“Arxeoloji abidələrin inklüziv turizm perspektivləri və əlillərin reabilitasiyasına dəstək” layihəsinin yekun hesabatı təqdim olunub
Bakı, 15 oktyabr, Elvira Məmmədova, AZƏRTAC
Oktyabrın 15-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Arxeoloji abidələrin inklüziv turizm perspektivləri və əlillərin reabilitasiyasına dəstək” layihəsi əsasında işıq üzü görən “Nəticələr, təkliflər, tövsiyələr” kitabının, layihə çərçivəsində təklif olunan turların və layihə nəticələrinə dair yekun hesabatın təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə ADMİU-nun rektoru, professor Fərəh Əliyeva yekun hesabatı yüksək qiymətləndirib, layihənin əhəmiyyətindən danışıb.
Layihənin rəhbəri, “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli kitabla bağlı məlumat verib. Bildirib ki, layihə cari ilin aprel-sentyabr aylarında “MİRAS” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilib.
Layihə çərçivəsində iyulun 22-dən 27-dək Şamaxı, Ağsu, İsmayıllı rayonlarında 100-ə yaxın obyektdə araşdırmalar aparılıb, 135 nəfər arasında sorğu keçirilib.
Digər çıxış edən ekspert və mütəxəssislər də layihə çərçivəsində bölgələrdə görülmüş işləri müsbət dəyərləndirib, nəşrin müəlliflərini təbrik ediblər.
Sonda MİRAS” İctimai Birliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti arasında akademik əməkdaşlıq protokolu imzalanıb.