REGİONLAR
Arxeoloji araşdırma Naxçıvan şəhərində məskunlaşmanın 8 min illik tarixə malik olduğunu sübut edir
Naxçıvan, 27 iyul, Rauf Kəngərli, AZƏRTAC
Naxçıvan şəhərində aparılan arxeoloji tədqiqatlar şəhərdə məskunlaşmanın 8 min illik tarixi olduğunu sübut edir.
AMEA-nın müxbir üzvü, Naxçıvan şəhər arxeoloji ekspedisiyasının rəisi Vəli Baxşəliyev AZƏRTAC-a müsahibəsində bu barədə danışıb. O bildirib ki, son illər aparılan araşdırmalar zamanı Naxçıvan ərazisində Eneolit dövrünə aid xeyli yeni arxeoloji abidə aşkar olunub. Naxçıvan şəhəri yaxınlığındakı Uçan Ağıl və Uzunoba qədim yaşayış yerlərinin tədqiqi zamanı götürülən karbon analizlər həmin abidənin eradan əvvəl V minilliyin birinci yarısına aid olduğunu göstərib. Bu baxımdan Naxçıvan şəhəri ərazisində, Naxçıvançayın sağ sahilində aşkarlanan yeni yaşayış yeri xüsusilə əhəmiyyətlidir.
Arxeoloji ekspedisiyanın rəisi qeyd edib ki, muxtar respublika Ali Məclisi Sədrinin tövsiyəsi ilə Naxçıvan şəhəri ərazisindəki Naxçıvan yaşayış yerində aparılan araşdırmalar bu il iyulun 10-da başlanıb. Hazırda tədqiqatlar davam etdirilir. Yaşayış yerinin tədqiqi zamanı eramızdan əvvəl V minilliyin əvvəllərinə və birinci yarısına aid edilən maddi-mədəniyyət nümunələri qədim tariximizin dərindən öyrənilməsi baxımında əhəmiyyətlidir. Yaşayış yeri düzbucaqlı arxitektura ilə xarakterizə olunur. İlkin araşdırmalar mədəni təbəqənin 1,5-2 metr arasında olduğunu göstərir. Yaşayış yerindən aşkarlanan Dalma Təpə tipli boyalı, dırnaq, barmaq və barmaq basqısı ilə naxışlanmış keramika diqqəti cəlb edir.
Vəli Baxşəliyev deyib: “Urmiya hövzəsində, Dalma Təpə yaşayış yerində aşkar olunan Eneolit mədəniyyəti indiyədək izolyasiya edilmiş mədəniyyət sayılırdı və Cənubi Qafqazda aşkarlanmamışdı. Yeni tapıntılar bu mədəniyyətin Azərbaycanda mövcud olduğunu, Urmiya hövzəsi və Naxçıvanın qədim mədəniyyətlərinin ortaq özəlliklərə malik olduğunu deməyə imkan verir”.
AMEA-nın müxbir üzvünün sözlərinə görə, arxeoloji araşdırmalar göstərir ki, Cənubi Azərbaycan, o cümlədən Urmiya hövzəsindəki Eneolit abidələrində istifadə olunan obsidianın 95 faizi Naxçıvan yaxınlığındakı Sünik yatağından aparılıb. Kültəpə ətrafındakı Eneolit abidələrinin tədqiqi Naxçıvanda 60 faiz Göyçə, 30 faiz Sünik obsidianından istifadə olunduğunu, Urmiya hövzəsi yaşayış yerlərinin obsidianla təmin edildiyini, Naxçıvanın mühüm strateji nöqtə olduğunu göstərir. Hazırda aparılan araşdırmalar əsasında Eneolit yaşayış yerlərinin GPS koordinatları əsasında xəritələşdirilməsi qədim kommunikasiya xətlərini müəyyənləşdirməyə də şərait yaradıb.
“Azərbaycanda Şomutəpə və Kültəpə tipli abidələrin Neolit dövrünə aid edilməsi nəticəsində Son Neolit və Son Eneolit mədəniyyətləri arasında boşluq yaranmışdı. Naxçıvanda aşkar olunan abidələr bu boşluğu doldurmağa imkan verir”, - deyə Vəli Baxşəliyev bildirib.