ELM VƏ TƏHSİL
Arxeoloji tədqiqatlar Azərbaycan və dünya elmi üçün böyük əhəmiyyət daşıyır
Bakı, 28 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunda fəaliyyət göstərən elmi-nəzəri seminarın növbəti məşğələsi olub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, seminarda tarix elmləri doktoru Əsədulla Cəfərov təhsil və elm müəssisələrində seminarların keçirilməsinin elmin səmərəliyinin artırılması işində əhəmiyyətini qeyd edib.
İnstitutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurovun “Birinci Maxta (Şərur) və Çaqqallıqtəpə (Şabran) qazıntıları və Kür-Araz mədəniyyətinin bəzi problemləri” mövzusunda məruzəsi dinlənilib.
Məruzəçi Azərbaycan ərazisində Kür-Araz mədəniyyətinin öyrənilmə tarixinə, Kür-Araz mədəniyyətinə aid aşkar edilmiş abidələrin xüsusiyyətləri məsələlərinə toxunub.
Bildirilib ki, qonşu regionlarda aparılan qazıntılar Kür-Araz arxeoloji mədəniyyətinin yayılma sərhədlərinə Cənubi Qafqazın, Şərqi Anadolunun, müasir Suriya–Livan ərazilərinin daxil olduğunu müəyyənləşdirib. Hətta son illərin tədqiqatları müasir İran ərazisinin dərinliklərində bu mədəniyyətə aid lokal variantların da yayıldığını göstərir.
S.Aşurov Maxta qədim yaşayış məskəni barədə geniş məlumatı diqqətə çatdırıb.
Digər çıxış edənlər S.Aşurovun rəhbərliyi altında aparılan tədqiqatların Azərbaycan və dünya elmi üçün böyük əhəmiyyətini qeyd edib, həmin məskənlərdə tədqiqatların davam etdirilməsinin vacibliyini vurğulayıblar.