DÜNYA
Arxeoloqlar Çində ipəyin nə vaxt peyda olduğunu aydınlaşdırıblar
Bakı, 11 yanvar, AZƏRTAC
Çində ilk ipək parçalar və ipək sap hazırlanması ənənəsi 8,5 min il əvvəl yaranıb. “PLoS One” jurnalında dərc edilmiş məqalədə deyilir ki, bunu Çinin ən qədim insan düşərgəsi olan Szyaxu kəndindəki sərdabaların birində aşkarlanan ipəyin kimyəvi izləri sübut edir.
AZƏRTAC “RİA Novosti”yə istinadla xəbər verir ki, Hefey şəhərindəki Elm və Texnologiya Universitetinin təmsilçisi Detsay Qun deyib: “Szyaxu kəndi sakinlərinin ipəkdən necə istifadə etdiklərini anlamağımız çətindir. Amma düşünürük ki, onlar ölülərini dəfn etmək üçün ipək parçalar istehsal ediblər. Qəbirlərdən tapdığımız sümük iynələr və ipək əyirmə alətləri bu ehtimalı gücləndirir. Deməli, kənd sakinləri təkcə iplik yox, ipək parça hazırlamağı da bacarıblar”.
Qədim Çin rəvayətlərinə görə, Çin imperiyasında ipək parça və ipək sap hazırlanmasının sirri əfsanəvi “sarı imperator” Xuan-dinin xanımı imperatriçə Ley Szu bağçada tut ağacının altında çay içdiyi gün açılıb. İmperatriçanın fincanına ipək baraması düşüb. Bu xoşagəlməz “hədiyyə”ni açan Ley Szu başa düşüb ki, baramanın sapı bir neçə kilometr uzanaraq bütün bağı əhatə edir. İmperatriçə baramadan sap əyirməyi və parça hazırlamağı əmr edib.