DÜNYA


Arxeoloqlar Misirdə on qədim sərdaba aşkar ediblər

Qahirə, 3 iyun, AZƏRTAC

Arxeoloqlar Misirin Asuan şəhəri yaxınlığında on qədim daş sərdaba aşkar ediblər. Misirdə çıxan “Əl-Əhram” qəzetinin ölkənin Qədim Abidələr Nazirliyinə istinadla yazdığına görə, əvvəllər belə dəfn kameraları elmə məlum olmayıb.

Qədim Abidələr Nazirliyinin mütəxəssisi Mahmud Afifinin sözlərinə görə, tapıntı Qədim Misir sivilizasiyasının son dövrünə - eramızdan əvvəl 664-332-ci illərə aiddir. Onun fikrincə, bu sərdabalar Nil çayının qərb sahilində yerləşən Asuan nekropolu kompleksinin davamı ola bilər.

Tapıntı Qədim Misirin tipik məzarlıqlarından quruluşu ilə fərqlənir: burada bir-biri üzərində təqribən 40 sərdaba yerləşir. Onların hər birinin sütunlu salonu, habelə dəfn kamerasına aparan dəhlizi var.

Alimlər artefaktların bəzilərini artıq çıxarıblar. Məsələn, daş sarkofaqlar, mumiyalar, habelə belə məzarlar üçün tipik olan çoxsaylı əşyalar tapılıb. Sərdabaların kompleks tədqiqinə bu ilin sentyabrında start götürən yeni arxeoloji mövsümdə başlanacaq.

Bir neçə ay əvvəl arxeoloqlar Qahirədə II Ramzesin nəhəng heykəlini aşkar ediblər. Qumdaşından tökülmüş səkkiz metrlik abidənin təqribən üç min il yaşı olduğu bildirilir.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.