ELM VƏ TƏHSİL


Arxeoloqlar Qarabağ düzənliyində qazıntı işlərinə başlayıblar

Bakı, 2 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun “Qarabağ neolit-eneolit ekspedisiyası” Qarabağ düzənliyində yeni qeydiyyata alınmış neolit və eneolit dövrü abidələrində kəşfiyyat qazıntı işlərinə başlayıb.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, arxeoloji kəşfiyyat işləri əsasən Bərdə, Yevlax və Tərtər rayonları ərazisində aparılır. Belə ki, 2014-cü ildə ekspedisiya tərəfindən Bərdə rayonu ərazisində Xaçınçay hövzəsində, Əmirli və Xanərəb kəndləri arasında yerləşən qədim yatağı boyunca arxeoloji kəşfiyyat işləri aparılıb, 10 neolit və Leylatəpə mədəniyyətinə (eneolit dövrünə) aid yaşayış yeri aşkarlanaraq qeydiyyata alınıb. Bərdə rayonu ərazisində bu cür qədim abidələrin mövcudluğu faktı məhz bu tədqiqatların nəticəsində meydana çıxıb. Bu tədqiqatlar erkən əkinçi-maldar tayfaların Qarabağ ərazisində məskunlaşma arealının şimalda Xaçınçayla hüdudlanmadığını sübut edir.

Ekspedisiyanın rəisi, tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədov deyib ki, arxeoloji kəşfiyyat işləri zamanı Bərdə, Yevlax və Tərtər ərazisində təxminən min kvadratkilometr ərazidə 26 marşrut üzrə Google Earth proqramı əsasında GPS koordinatları götürülüb, 200-dən çox obyekt yoxlanılıb və nəticədə müxtəlif dövrlərə aid onlarla yaşayış yeri və kurqanlar aşkar edilərək qeydiyyata alınıb. Bu abidələrin böyük əksəriyyəti yenidir.

Bərdə rayonu ərazisində yerləşən Koramaltəpə, Buruqtəpə, Yastıtəpə, Soğanverdilər və Piyadalar qədim yaşayış yerlərində topoqrafik ölçmə işləri aparılıb, onların mədəni təbəqə yatımının qalınlığının və stratiqrafiyasının müəyyənləşdirilməsi üçün arxeoloji kəşfiyyat qazıntıları icra edilib. Koramaltəpə, Buruqtəpə, Yastıtəpə, Piyadalar yaşayış yerləri neolit dövrünə, Soğanverdilər yaşayış yeri isə Leylatəpə mədəniyyətinə aid abidələrdir və Bərdə rayonu ərazisində belə qədim abidələrin arxeoloji tədqiqatı ilk dəfə aparılır.

Aparılmış kəşfiyyat qazıntılarının nəticələri Qarabağın əkinçi-maldar əhaliyə məxsus yaşayış yerlərinin xronoloji, təsərrüfat və mədəni mənsubiyyətinə görə bölgüsünün öyrənilməsi baxımından əhəmiyyətli olmaqla yanaşı, həm də bölgədə neolit dövrü abidələrinin aşkarlanması istiqamətində daha səlis yanaşmanın formalaşmasına yardım edəcək.

Xaçınçayın sağ sahilində, Xaçınçay-Tərtərçay hövzəsində yerləşən neolit dövrü abidələrində gələcəkdə geniş miqyaslı arxeoloji qazıntıların aparılmasına böyük ehtiyac var. Çünki bu tip abidələrin öyrənilməsi, neolit dövründə Qarabağ, ümumilikdə Azərbaycan və Cənubi Qafqazda erkən əkinçi-maldar tayfaların məskunlaşma topoqrafiyası, onların yayılma istiqamətləri və yayılmanın xronoloji dövrlərinin öyrənilməsi baxımından çox maraqlıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.