REGİONLAR


Ərzaq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarət daim diqqət mərkəzində saxlanılır

Naxçıvan, 25 may, AZƏRTAC

Muxtar respublikada həyata keçirilən iqtisadi siyasətin ən mühüm istiqamətlərindən biri istehsal olunan mal və xidmətlərin keyfiyyətinin və təhlükəsizliyinin dünya standartları səviyyəsinə çatdırılması, onların beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin təmin edilməsidir. Bu məqsədlə istehlakçıların təhlükəsiz və keyfiyyətli məhsullarla təmin olunması, ticarət norma və qaydalarına əməl edilməsi, istehlak bazarının keyfiyyətsiz və saxta mallardan qorunması, istehlakçıların hüquqlarının etibarlı müdafiəsi və digər bu kimi məsələlər qarşıya qoyulan mühüm vəzifələrdəndir.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu vəzifələrin icrası istiqamətində əvvəlki illərdə olduğu kimi, cari ildə də haqsız rəqabətin, keyfiyyətsiz mal satışının qarşısının alınması, istehlakçı hüquqlarının qorunması, həmçinin təbliğat-təşviqat və maarifləndirmə işləri davam etdirilib.

Bu ilin ötən dövrü ərzaq və qeyri-ərzaq məhsullarının satışı obyektlərində monitorinqlər aparılıb, ümumi dəyəri 6 min 250 manat olan istehlak müddəti bitmiş məhsullar ticarət dövriyyəsindən çıxarılıb.

İstehlakçıların hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlərdən biri də süni qiymət artımının və antiinhisar qanunvericiliyinin pozulması hallarının qarşısının alınmasıdır. Daxili bazarda süni qiymət artımına səbəb ola biləcək halların qarşısının alınması məqsədilə 382 növdə yerli istehsal, 2 min 728 növdə idxal mənşəli əsas istehlak mallarının topdan və pərakəndə satış qiymətləri nəzarətdə saxlanılıb, məhsulların qiymətlərində müşahidə olunan artım səbəbləri araşdırılıb və əvvəlki səviyyədə saxlanılmasına nail olunub.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən istehlak bazarında satışda olan ərzaq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarət ilə bağlı lazımi tədbirlər görülür. Bu məqsədlə 2017-ci ilin ötən dövründə 266 halda idxal, 589 halda yerli istehsal mallarından nümunələr götürülərək “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin laboratoriyasında təhlil edilib. Aparılan analizlərin nəticələrinə əsasən, 7 halda məhsulun keyfiyyət göstəricilərinin normativ-texniki sənədlərin tələblərinə cavab vermədiyi müəyyən olunub. Keyfiyyət göstəriciləri normativ-texniki sənədlərin tələblərinə cavab verməyən məhsulların istehsalçısı və idxalçısı barədə qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

İstehlakçıların hüquqlarının qorunmasında inzibati tədbirlərlə yanaşı, istehlakçıların və sahibkarların maarifləndirilməsi də böyük əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən müxtəlif konfransların və seminarların keçirilməsi, kütləvi informasiya vasitələrində istehlakçı hüquqları ilə bağlı xüsusi verilişlərin hazırlanması, videoçarxların yayımlanması təmin edilib.

Eyni zamanda, ticarət və ictimai iaşə obyektlərində çalışan xidmət personalının təlimatlandırılması və digər tədbirlərin həyata keçirilməsi məqsədilə 56 iaşə, 6 mehmanxana obyektində, o cümlədən 92 təhsil müəssisəsində fəaliyyət göstərən iaşə obyektlərində maarifləndirici monitorinqlər aparılıb, aşkar olunan nöqsanların qısa müddətdə aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib.

İstehlak bazarında çatışmazlıqların aradan qaldırılması üçün inzibati tədbirlərin gücləndirilməsi ilə yanaşı, təbliğat-təşviqat və maarifləndirmə işləri bundan sonra da davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.