İQTİSADİYYAT
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC Bakıda və Sumqayıtda səyyar satış sisteminə başlayıb
Bakı, 29 iyul, AZƏRTAC
“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yerli istehsalı dəstəkləmək məqsədilə həyata keçirdiyi səyyar satış sistemi artıq fəaliyyətə başlayıb.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Gəzər bazar” tanıdıcı loqosu ilə təqdim olunan səyyar satışa yük avtomobilləri vasitəsilə fermerlərdən tədarük olunmuş məhsullar həftəsonu yarmarkalara çıxarılıb. Altı ədəd yük avtomobili vasitəsilə 30 tona yaxın məhsul Xətai rayonu, “Bakı” kinoteatrının qarşısındakı, Binəqədi rayonu, “Elit” ticarət mərkəzinin arxasındakı və Sumqayıt şəhərində təşkil olunmuş yarmarkalarda satışa təqdim olunub.
Səyyar satış avtomobilləri iyulun 30-da da adıçəkilən yarmarkalara kənd təsərrüfatı məhsulları çıxaracaq. Məhsulların qiyməti mövcud qiymətlərlə müqayisədə 20 faiz aşağıdır.
Bazar ertəsindən etibarən isə “Gəzər bazar” avtomobilləri paytaxtın bütün rayonlarında satış prosesinə başlayacaq.
Məlumatda, həmçinin qeyd olunub ki, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC şəxsi yük avtomobili olan şəxsləri və dükan sahiblərini əməkdaşlığa dəvət edir.
Səhmdar Cəmiyyət müvafiq icra hakimiyyəti orqanları tərəfindən səyyar satış üçün tələb olunan xüsusi icazələrin alınması və növündən asılı olmayaraq məhsulların topdansatış qiymətinə verilməsi kimi güzəştləri də tətbiq edəcəyini bildirib.