İQTİSADİYYAT


“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin 12 regionda ofisləri və tədarük anbarları yaradılıb

Bakı, 16 dekabr, AZƏRTAC

“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) 12 regionda ofisləri və tədarük anbarları yaradılıb.

AZƏRTAC xəbər verir ki, bunu dekabrın 16-da mətbuat konfransında ASC-nin İdarə Heyətinin sədr müavini Elşən Əsədov deyib.

O bildirib ki, ölkənin iqtisadi potensialından səmərəli istifadə edilməsi və ixracyönümlü məhsulların istehsalının təşviqi istiqamətində həyata keçirilmiş tədbirlər ənənəvi kənd təsərrüfatı sahələrinin və sənayenin inkişafında mühüm nəticələrin əldə olunmasına gətirib çıxarıb. Bu istiqamətdə qəbul edilmiş dövlət proqramlarının icrası aqrar sahədə sahibkarlığın inkişafını sürətləndirmiş, regionlarda əmək ehtiyatlarından, təbii iqtisadi resurslardan səmərəli istifadə olunmasına, infrastrukturun müasirləşdirilməsinə və əhalinin məşğulluğunun artırılmasına etibarlı zəmin yaradıb.

Cəmiyyətin gördüyü işlər və qarşıda duran məsələlərdən danışan sədr müavini bildirib ki, ASC-nin yaradılmasında əsas məqsəd kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına və kənd təsərrüfatı məhsullarının dünya bazarına çıxarmaqla istehsalının və emalının stimullaşdırmasına zəmin yaratmaqdan ibarətdir.

E.Əsədov qeyd edib ki, noyabr ayından “Satınalan təşkilatların ərzaq məhsullarına tələbatı” elektron portalı istifadəyə verilib. Satın alınması nəzərdə tutulan ərzaq məhsulları, həmin məhsulların qiymətləri və satınalma şərtləri (o cümlədən, satınalma dövriliyi), satın alınacaq ərzaq məsullarının satın alan təşkilatlar üzrə həcmi və növləri barədə məlumatlar elektron portalda yerləşdirilib. Hazırda isə istehsalçıların məhsullar üzrə təkliflərinin www.tedaruk.az portalı vasitəsi ilə qəbulu davam etdirilir.

Bununla yanaşı, respublikanın 12 regionunda cəmiyyətin regional ofisləri və tədarük anbarları yaradılaraq, kənd təsərrüfatı məhsullarının tədarükünə başlamaq üçün hazır vəziyyətə gətirilib.

Nəzərə çatdırılıb ki, ölkə ərazisində fəaliyyət göstərən portalda qeydiyyatdan keçmiş və “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC ilə müqavilə bağlamış hər bir kənd təsərrüfatı məhsulları istehsalçısı istehsal etdikləri məhsullarını orta topdansatış bazar qiymətinə uyğun şəkildə aşağıda göstərilən ünvanlarda cəmiyyətin regional bölmələrinin anbarlarına təhvil verə biləcək.

Sədr müavini ölkədə ərzaq məhsulları istehsal edən fermerlərin, torpaq mülkiyyətçilərinin və istifadəçilərinin satış probleminin olmayacağını, bu məqsədlə zəruri tədbirlərin həyata keçiriləcəyini bildirib. Bütün kənd təsərrüfatı məhsulları istehsalçılarını ən qısa zamanda cəmiyyətin portalında qeydiyyatdan keçməyə, kənd təsərrüfatı bitkilərinin əkilib becərilməsi məqsədilə təşkil olunacaq çoxşaxəli məsləhət xidmətlərindən istifadə etməyə, növbəti ildə müqavilə bağlanmış istehsalçılara müqavilə dəyərinin 25 faizi həcmində ödəniləcək avans mexanizmindən səmərəli şəkildə yararlanmaq üçün əməkdaşlığa dəvət edib.

E.Əsədov portalın fəaliyyət prinsipi ilə bağlı geniş məlumat verərək, yerli istehsalçılara Azərbaycanın gələcək iqtisadi tərəqqisi, xüsusən də qeyri-neft sektorunun inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi sahəsində yaradılmış imkanlardan faydalanaraq maddi rifahlarının yaxşılaşdırılması, kənd yerlərinin sosial- iqtisadi inkişafı sahəsində fəaliyyətlərində uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.