İQTİSADİYYAT
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC tədarük edilmiş məhsulların səyyar satışının təşkil olunması işlərinə başlayıb
Bakı, 7 iyun, AZƏRTAC
“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti şəxsi yük avtomobili olan şəxslərin və dükan sahiblərinin nəzərinə çatdırır ki, fermerlərdən tədarük edilmiş məhsulların səyyar satışının təşkil olunması işlərinə başlayıb.
“Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC-dən AZƏRTAC-a bildiriblər ki, ASC tərəfindən ölkə başçısının satış şəbəkələrinin yaradılması və genişləndirilməsi barədə tapşırıqları əsas götürülərək istehsalçıların min bir zəhmət hesabına istehsal etdikləri məhsulların operativ satışının təmin olunması, ölkənin iri şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Şirvan və Mingəçevir və s.) əhalinin keyfiyyətli və ucuz ərzaq məhsulları ilə təmin olunması məqsədilə fermerlərdən tədarük edilmiş məhsulların səyyar satışının təşkil olunması işlərinə başlayıb.
ASC müvafiq tələblərə cavab verən yük avtomobili və dükanı olan şəxsləri səyyar satış işlərində əməkdaşlığa dəvət edir.
Şəxsi yük avtomobili olan şəxslərin və dükan sahiblərinə edilən müraciətdə bildirilir ki, yük avtomobili texniki baxımdan saz vəziyyətdə və tutumu 5 tona qədər olmalıdır.
Müraciətdə, həmçinin Səhmdar Cəmiyyət tərəfindən tətbiq ediləcək güzəştlər barədə də məlumat verilir: müvafiq icra hakimiyyəti orqanları tərəfindən səyyar satış üçün tələb olunan xüsusi icazələrin alınması; səyyar satış üçün zəruri xərclərin təmin olunması; növündən asılı olmayaraq məhsulların topdansatış qiymətinə verilməsi.
Maraqlananlar daha geniş məlumat almaq və müqavilə bağlamaq üçün aşağıdakı ünvana müraciət edə bilərlər.
Ətraflı məlumatı “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən yolu 57 (Meyvəli Logistika Mərkəzi) və əlaqə telefonu vasitəsilə 012 555 04 14 əldə etmək olar.