İQTİSADİYYAT


“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC və Bəhreynin “Riyada Consulting” şirkəti anlaşma memorandumu imzalayıblar

Bakı, 26 iyul, AZƏRTAC 

“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti ilə Bəhreyn Krallığının “Riyada Group” holdinqinə daxil olan “Riyada Consulting” şirkəti ilə strateji tərəfdaşlığın yaradılmasına dair anlaşma memorandumu imzalanıb. Sənədi ASC-nin İdarə Heyətinin sədri Əbülfət Qocayev, qarşı tərəfdən isə Sergey Tsvetkov imzalayıblar.

Bu barədə AZƏRTAC-a ASC-nin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, tərəflər Azərbaycanın kənd təsərrüfatı məhsullarının körfəz ölkələrinə ixracı, alternativ bazarların araşdırılması və ölkəmizin aqrar sektoruna xarici investisiyaların cəlb edilməsi istiqamətində əməkdaşlıq edəcəklər. Körfəz ölkələrinin bazarlarında Azərbaycan məhsullarına tələbat böyük olduğu üçün “Riyada Consulting” şirkəti qarşılıqlı razılaşma əsasında yeni müştərilərin tapılması üçün məsləhət xidmətləri göstərəcək.

Mərasimdə, həmçinin vurğulanıb ki, səhmdar cəmiyyət xarici bazarların tələbatına uyğun məhsulların tədarük olunmasına, qarşı tərəf isə müəyyən olunmuş ərazilərdə satışının idarəedilməsinə məsuliyyət daşıyacaq.

Əməkdaşlığın həyata keçirilməsi üçün işçi qrupu yaradılıb. Qrupa ASC-nin İdarə Heyətinin sədr müavini Elşən Əsədov və Bəhreyn tərəfdən isə Sergey Tsvetkov rəhbərlik edəcək.

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC Azərbaycan məhsullarının körfəz ölkələrinə ixracı istiqamətində ardıcıl işlər aparır. Bir müddət əvvəl səhmdar cəmiyyətin nümayəndə heyəti Bəhreyn Krallığı və Birləşmiş Ərəb Əmirliyinə səfər edərək bir sıra holdinq və satış şəbəkələrinin rəhbərləri ilə müzakirələr aparıb. Nümayəndə heyəti “Mumtalakat” Holdinqin prezidenti Mahmud Alkhocayi, “Arcapita” İnvestisiya Fondunun baş icraçı direktoru Atif Əbdülmalik, “Bəhreyn İqtisadi İnkişaf Şurası”nın icraçı direktoru Simon Qalpin, Bəhreyn Kral ailəsinin üzvü, “Riyada Şirkətlər Qrupu”nun prezidenti xanım Şeyxa Dheya Bin İbrahim Əl Xəlifə ilə işgüzar görüşlər keçirib, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, ölkəmizin kənd təsərrüfatı potensialı haqda geniş təqdimatlarla çıxış edib.

Qeyd olunub ki, müzakirələrin davamı olaraq “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin təşkilatçılığı ilə Bəhreyn şirkətləri üçün Azərbaycan məhsullarının sərgisi təşkil olunub, sərgidə iştirak etmiş “Meyvəli”, “Balxurma”,” Gilan”, “Azərsun”, “Ballı”, “Veysəloğlu”, “Milla”, “AzQranata”, “GlobalFoodService”, “ AhmedTodor”, “AstaraÇay”, “Qoç Ət” və “Tovuz-Baltiya” şirkətlərinin məhsulları bəhreynli iş adamları tərəfindən həm görünüşünə, həm də dadına görə yüksək qiymətləndirilib.

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin nümayəndələri Bəhreyn Krallığının paytaxtı Manama şəhərinin market şəbəkələrində ərzaq məhsullarının keyfiyyət və daxili bazar qiymətlərini araşdırıblar.

“Carrefur” və digər satış şəbəkəsində aparılan araşdırmalar nəticəsində məlum olub ki, daxili bazarda meyvə və tərəvəz, habelə digər ərzaq məhsullarının qiyməti Azərbaycanla müqayisədə dəfələrlə baha, keyfiyyət baxımından da aşağıdır. Bu səbəbdən də Azərbaycan Respublikasından kənd təsərrüfatı məhsullarının ixracı üçün əlverişli imkanlar mövcuddur. Logistika imkanları formalaşarsa, Bəhreyn bazarlarında Azərbaycan məhsulları yüksək qiymətə satıla bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.