SİYASƏT


“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətində 15 iyun - Milli Qurtuluş Günü qeyd olunub

Bakı, 14 iyun, AZƏRTAC

“Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” Açıq Səhmdar Cəmiyyətində 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilib. Cəmiyyətdən AZƏRTAC-a bildiriblər ki, konfrans iştirakçıları əvvəlcə 1993-cü ilin iyun hadisələrinin mahiyyətindən bəhs edən videofilmə baxıblar.

Konfransda çıxış edən Milli Məclisin üzvü, Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirib ki, 1993-сü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətləri, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyillərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyirdi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti düzəltmədi. Belə bir məqamda həm siyasi hakimiyyət, həm də xalq üzünü Naxçıvana - zəngin siyasi təcrübəyə malik Heydər Əliyevə tutdu.

“Ulu Öndər yalnız milli maraqları əsas götürərək Bakıya gəldi və qısa vaxtda siyasi-hərbi gərginliyi aradan qaldırdı”. Bu fikirləri vurğulayan “İki Sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vuqar Rəhimzadə də çıxışında ölkənin gərgin siyasi vəziyyətində ümummilli lider Heydər Əliyevin Naxçıvandakı siyasi fəaliyyətinə toxundu. Bildirdi ki, Ümummilli Lider xalqın tələbi ilə hakimiyyətə qayıdaraq ölkədəki siyasi və hərbi böhrana son qoydu, Azərbaycanda sabitlik dövrü başladı.

“Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC İH-nin sədr müavini Elşən Əsədov 15 iyun hadisələrini çağdaş tariximizdə yeni bir səhifənin başlanğıcı kimi dəyərləndirdi. “Konstitusiya qəbul edildi və dövlətçilik təsisatları formalaşdırıldı, iqtisadi islahatlar həyata keçirildi. Azərbaycanın karbohidrogen ehtiyatları dünyaya açıldı. Bu gün ölkəmiz Ümummilli Liderin müəyyən etdiyi strateji istiqamətdə inamla irəliləyir. Ordumuz möhkəmlənir, işğaldan azad edilmiş ərazilərimizdə, xüsusən Cocuq Mərcanlı kəndində həyata keçirilən işlər xalqımızda böyük ruh yüksəkliyi yaradır. Bu gün Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndində olması, abadlıq-quruculuq işlərinə baxış keçirməsi iqtisadi baxımdan güclənən Azərbaycanın parlaq hərbi qələbəsidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.