ELM VƏ TƏHSİL
Ərzincan Universitetində “Gürcüstan Ahıska türklərindən “Koroğlu” dastanı”nın təqdimatı keçirilib
Bakı, 16 may, AZƏRTAC
Türkiyənin Ərzincan Universitetində Beynəlxalq Ahıska Türkləri Simpoziumu keçirilib.
Tədbirin əsas məqsədi Ahıska türkləri mövzusu üzrə çalışan alimləri və mütəxəssisləri bir araya gətirmək olub.
Bakı Dövlət Universitetindən AZƏRTAC-a bildiriblər ki, bu ali məktəbin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Yeganə İsmayılova simpoziumda məruzə ilə çıxış edib.
Beynəlxalq tədbirdə, eyni zamanda, alimin yeni nəşrini hazırladığı “Gürcüstan Ahıska türklərindən “Koroğlu” dastanı”nın təqdimatı keçirilib.
Qeyd edək ki, bu kitab 1929-cu ildə professor Vəli Xuluflu tərəfindən nəşrə hazırlanıb və latın əlifbası ilə çap olunub. Ancaq 1937-ci il repressiyası zamanı V.Xuluflunun bütün əsərləri məhv edilib, bir təsadüf nəticəsində bu əsəri ilk dəfə 1998-ci ildə aşkara çıxaran professor Y.İsmayılova kitabı 2017-ci ildə yenidən nəşrə hazırlayıb.