İQTİSADİYYAT


“Asan İmza” Bakıda keçirilən “AICT 2016” konfransında təqdim edilib

A+ A

Bakı, 13 oktyabr, AZƏRTAC 

Bakıda “İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi” (“AICT 2016”) mövzusunda X Beynəlxalq konfrans keçirilir. İyirmi iki ölkədən 80-dən çox nümayəndənin iştirak etdiyi konfransın işində “Asan İmza” mobil gücləndirilmiş elektron imza xidmətinin operatoru olan “B.EST Solutions” şirkətinin nümayəndələri də təmsil olunub.

“B.EST Solutions” şirkətindən AZƏRTAC-a bildirilib ki, şirkətin təsisçisi Yana Krimpe çıxışında elektron və mobil hökumət quruculuğunda mobil imzanın rolundan bəhs edib. Qeyd edilib ki, dünyada ən təhlükəsiz rəqəmsal identitet texnologiyası olan “Asan İmza”nın elektron xidmətlərdə istifadəsi istifadəçilərin şəxsi məlumatlarına hər hansı icazəsiz müdaxilənin qarşısını tamamilə alır. Belə ki, xidmətdən istifadə üçün tələb olunan məlumat yalnız istifadəçinin özünə məlum olur.

Y.Krimpe, həmçinin rəhbərlik etdiyi şirkətin Azərbaycanın mobil gücləndirilmiş elektron imza xidmətinin beynəlxalq miqyasda keçirilən nüfuzlu konfrans və sərgi meydançalarında davamlı təbliğatı və innovativ “Made in Azerbaijan” brendi qismində tanıtımı məqsədilə həyata keçirdiyi fəaliyyət barədə də danışıb. Onun sözlərinə görə, Azərbaycanın texnologiyalarını qonşu ölkələrə ixrac etməyin zamanı yetişib və “Asan İmza” heyəti artıq bu istiqamətdə intensiv işlərə başlayıb. Belə ki, bu günlərdə Ukraynada Azərbaycanın “Asan İmza” texnologiyasının bazasında mobil elektron imza xidmətinin tətbiqi ilə bağlı layihə uğurla başa çatdırılıb ki, bu da iki ölkə qarşısında sərhədlərarası elektron xidmətlərin yaradılması sahəsində yeni imkanlar açır.

Tədbir zamanı iştirakçılara vergi, gömrük, maliyyə, təhsil sahələrində “Asan İmza” ilə mümkün olan elektron xidmətlər barədə məlumat verilib, xüsusilə vergi bəyannamələrinin təqdim edilməsi, gömrükdə malların və nəqliyyat vasitələrinin bəyan edilməsi, əmək müqavilələrinə dair bildirişlərin elektron qeydiyyatı, mobil imzanın dövlət və özəl strukturların telefon-çağrı mərkəzlərinə inteqrasiyası, internet və mobil bankçılıq, ali təhsil müəssisələrinə qəbulun onlayn qeydiyyatı və s. xidmətlər nümayiş etdirilib.

Qeyd edək ki, “Asan İmza” Azərbaycanda vahid elektron hökumət konsepsiyasının mühüm komponentini təşkil etməklə yanaşı, özəl sektorun elektron xidmətlərinin göstərilməsində də istifadə olunur. Hazırda ölkədə bir çox banklar, sığorta şirkətləri, onlayn ödəniş portalları öz elektron sistemlərində mobil imza xidmətindən fəal şəkildə yararlanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.