İQTİSADİYYAT


“Asan İmza” Fransa Ağıllı Texnologiyalar Həftəsində

A+ A

Bakı, 28 sentyabr, AZƏRTAC

“Asan İmza” layihəsi Fransanın Marsel şəhərində keçirilmiş “Smart Security Week 2016” Ağıllı Texnologiyalar Həftəsində təqdim edilib.

“B.EST Solutions” şirkətindən AZƏRTAC-a bildirilib ki, Fransa Ağıllı Texnologiyalar Həftəsi çərçivəsində baş tutmuş konfranslara dünyanın müxtəlif ölkələrindən 400-dən artıq iştirakçı qatılıb. Ümumilikdə, tədbirlərdə sıralarına elektron identitet, kiber-təhlükəsizlik, əşyaların interneti (Internet of Things), maşınlararası kommunikasiya (M2M), ünsiyyətsiz texnologiyalar və bu kimi digər sahələrdə ixtisaslaşmış beynəlxalq ekspert və peşəkarların da daxil olduğu 80 natiq müxtəlif mövzularda çıxışlar edib.

Həftə ərzində baş tutmuş bu cür tədbirlərdən biri olan “World e-ID & Cybersecurity” konfransında “B.EST Solutions” şirkətinin təsisçisi Yana Krimpe “Mobil identitet – yeni nəsil hökumətdə vətəndaşın mobil pasportu” adlı təqdimatla çıxış edib. Konfransın “Elektron identitetin tətbiqi sahəsində dünya ölkələrinin təcrübəsi” adlı plenar sessiyasında Azərbaycanın təcrübəsi ilə yanaşı, Yaponiya, Kanada və Fransa kimi ölkələrin də müvafiq təcrübələrinə nəzər salınıb.

Təqdimat zamanı iştirakçılara Azərbaycanda istifadə olunan “Asan İmza” mobil identifikasiya və elektron imza həlli barədə ətraflı məlumat verilib. Hazırda dünyada ən qabaqcıl standart olan açıq açar infrastrukturu əsasında fəaliyyət göstərən bu xidmətin innovativliyi və yüksək təhlükəsizliyi qeyd edilib. Auditoriyaya Azərbaycanda elektron hökumət quruculuğu sahəsində görülən işlərin icmalı təqdim edilib, vətəndaşlara dövlət xidmətlərinin göstərilməsində istifadə olunan və ilk dəfə Azərbaycanda tətbiq edilmiş innovativ “ASAN Xidmət” konsepsiyası barədə məlumat verilib. Həmçinin elektron hökumətdən mobil hökumətə keçid prosesində “Asan İmza” xidmətinin mühüm rolundan bəhs edilib. “Asan İmza” texnologiyasının tətbiqinin asanlığı və istifadədə rahat və çevik olması, eləcə də elektron xidmətlərdən istifadə zamanı ən yüksək təhlükəsizliyi təmin etməsi kimi üstünlükləri auditoriyanın diqqətini cəlb edib.

Y.Krimpe çıxışında, həmçinin Azərbaycanda “Asan İmza” vasitəsilə mümkün olan və Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elektron Hökumət Portalı, “ASAN Ödəniş” portalı və maliyyə sektoru tərəfindən innovativ xidmətlər barədə məlumat verib. Ölkədə tətbiq olunan elektron vergi və gömrük bəyan etmə sistemləri, eləcə də Vergilər Nazirliyinin çağrı mərkəzi ilə “Asan İmza” xidmətinin inteqrasiyası nəticəsində telefon üzərindən vergi bəyan etmə proseduru xüsusilə yüksək maraqla qarşılanıb. “Asan İmza” xidməti xüsusilə Dünya Bankının tədbirdə iştirak edən nümayəndələrinin marağını cəlb edib. Azərbaycanın təcrübəsinin dünyada daha geniş təqdimatı məqsədilə həmin beynəlxalq maliyyə qurumu ilə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, cəlbedici ixrac potensialına malik olan “Asan İmza” texnologiyası mütəmadi olaraq bu kimi müxtəlif beynəlxalq sahəvi tədbirlərdə “Made in Azerbaijan” şüarı altında təmsil edilir. “B.EST Solutions” şirkəti qabaqcıl mobil identitet və imza texnologiyasının tətbiqi və istifadəsi, eləcə də mobil imza xidmətinin dövlət və özəl elektron sistemlərlə qarşılıqlı əlaqəsi sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətlərin təqdim edilməsi məqsədilə bu kimi beynəlxalq tədbirlərdə fəal iştirak edir.

“Asan İmza” Azərbaycanda vahid elektron hökumət konsepsiyasının mühüm komponentini təşkil etməklə yanaşı, özəl sektorun elektron xidmətlərinin göstərilməsində də istifadə olunur. Hazırda ölkədə bir çox banklar, sığorta şirkətləri, onlayn ödəniş portalları öz elektron sistemlərində mobil imza xidmətindən fəal şəkildə yararlanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.