İQTİSADİYYAT


“Asan İmza” Rusiyada keçirilən “PKI-Forum 2016” müsabiqəsinin qalibi olub

A+ A

Bakı, 15 sentyabr, AZƏRTAC

Azərbaycanın “Asan İmza” mobil elektron imza texnologiyası Sankt-Peterburq şəhərində keçirilən “PKI-Forum 2016” beynəlxalq konfransı çərçivəsində baş tutmuş açıq açar infrastrukturuna dair müsabiqədə birinci yerə layiq görülüb.

“B.EST Solutions” şirkəti tərəfindən müsabiqəyə təqdim edilmiş “Asan İmza” texnologiyası digər ölkələrin analoji rəqəmsal identitet həlləri sırasından seçilərək müsabiqənin “Açıq açar infrastrukturu (PKI) texnologiyasının inkişafında mühüm töhfəyə görə” nominasiyasında qalib gəlib.

“B.EST Solutions” şirkətindən AZƏRTAC-a bildirilib ki, “Asan İmza” xidmətinin başlıca innovativ cəhəti onun dövlət və özəl sektorların qarşılıqlı əməkdaşlığı prinsipi əsasında fəaliyyət göstərməsidir. Vergilər Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) fəal iştirakı və misilsiz töhfəsi, eləcə də ölkədə fəaliyyət göstərən “Azercell”, “Bakcell” və “Nar” mobil rabitə operatorlarının innovativ yanaşması sayəsində “Asan İmza” hazırda ölkədə 500-dən artıq dövlət və özəl elektron xidmətlərə giriş imkanı verən unikal mobil autentifikasiya və imza alətidir.

Təqdimat mərasimində Rusiya Federasiyasının rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Oleq Pak tərəfindən “B.EST Solutions” şirkətinin rəhbəri Yana Krimpeyə müsabiqə qalibinin mükafatı və diplomu təqdim edilib.

“Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü islahatlar nəticəsində bu gün bu uğura nail olduq. İstifadəyə verilən hər bir elektron xidmət ölkəyə yeni investisiyaların, yeni biznes tərəfdaşların cəlb edilməsi baxımından əlverişli şərait yaradır və regionun rəqəmsal mərkəzinə çevrilməsi istiqamətində ölkənin potensialını əhəmiyyətli dərəcədə artırır. Biz bu uğurları ölkəmizdə innovativ texnologiyaların tətbiqi ilə bağlı mövcud olan yüksək siyasi iradənin nəticəsində əldə etmişik. Bu həm də bizim “Asan İmza” istifadəçilərimizin nailiyyəti, onların uğurudur”, - deyə Y.Krimpe vurğulayıb.

Qeyd edək ki, konfransın işində Belarus, Qazaxıstan, Azərbaycan, Polşa, Rusiya Federasiyası, Özbəkistan və digər ölkələrdən 300-dən artıq nümayəndə iştirak edir.

Cəlbedici ixrac potensialına malik olan “Asan İmza” texnologiyası mütəmadi olaraq müxtəlif beynəlxalq sahəvi tədbirlərdə “Made in Azerbaijan” şüarı altında təmsil edilir. Elektron xidmət təminatçıları üçün tətbiqinin asanlığı, elektron mühitdə əməliyyatların yüksək təhlükəsizliyi, eləcə də istifadəçilər üçün əlçatan olması kimi üstünlükləri sayəsində “Asan İmza” texnologiyası bir qayda olaraq beynəlxalq ictimaiyyətin yüksək marağına səbəb olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.