İQTİSADİYYAT
“Asan İmza” layihəsinin rəhbəri Avropanın 100 öncül innovativ liderlərinin siyahısına daxil edilib
Bakı, 17 noyabr, AZƏRTAC
Mərkəzi və Şərqi Avropa ölkələrinin innovativ liderlərini bir siyahıda birləşdirən beynəlxalq “New Europe 100” reytinqi dərc olunub. Reytinq öz layihələri ilə Avropa cəmiyyətinin inkişafına və biznesin effektivliyinə mühüm töhfə vermiş bacarıqlı insanları əhatə edir. Builki reytinqə “B.EST Solutions” şirkətinin və “FEMMES DIGITALES” – Azərbaycan qadınlarının İKT Klubunun təsisçisi, Azərbaycanın “Asan İmza” mobil elektron imza layihəsinin rəhbəri Yana Krimpe də daxil edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə “NE 100” layihəsinin veb-səhifəsinə istinadən nüfuzlu “Financial Times” nəşrinin saytında məlumat verilir.
Y.Krimpe ölkənin inkişafındakı xidmətlərinə görə “Azərbaycanın sadiq səfiri” nominasiyasında sözügedən reytinqə daxil edilib.
«NE 100» iştirakçıları Avropada və dünyada yaşayan insanlar üçün faydalı tətbiqlər yaradır, sosial təşəbbüslər, layihə və texnologiyalar həyata keçirir. Onlar həm öz layihələrində, həm də çalışdıqları regionda yaradıcı yanaşmaları ilə bölüşür. Builki “New Europe 100” siyahısının finalçıları sırasında pilotsuz avtomobillərin avtonom rejimdə idarə edilməsi üçün proqram təminatı, hamilə qadınlar üçün nəzərdə tutulmuş teletibb şirkəti, animasiya edilmiş jestləri dəstəkləyən messencer proqramı, innovativ mobil identitet və imza xidməti və digər layihələr yer alır.
Top-100 iştirakçıdan ibarət olan yekun siyahı layihənin tərəfdaşları və geniş ictimaiyyət tərəfindən təqdim edilmiş namizədlərin arasından seçilib. Cari ildə siyahı üzrə ən böyük qrupları biznes sahəsində (54 faiz), ictimai təşkilatlarda və siyasətdə (29 faiz), elm sahəsində (10 faiz) və KİV və mədəniyyət sahələrində (7 faiz) fəaliyyət göstərən ayrı-ayrı şəxslər və birliklər təşkil edir.
“Yeni Avropanın ən istedadlı insanlarının daxil edildiyi bu cür nüfuzlu siyahıda yer almaq böyük şərəfdir. Şübhəsiz ki, bu təkcə mənim yox, mənimlə çalışan heyətin əməyinin və ümumilikdə bütün Azərbaycanın nailiyyətidir. Mənim üçün bu, bir növ, sevimli Azərbaycanda son 10 il ərzindəki fəaliyyətimin nəticəsidir. Artıq qlobal çağırışları qəbul etməyin və Azərbaycanın innovasiyalarını onun hüdudlarından kənarda təmsil etməyin zamanı yetişib. Mənim üçün dünyanın müxtəlif nöqtələrində nüfuzlu ekspertlərin “Asan İmza” innovasiyasını nümunə göstərməsini eşitmək böyük sevincdir”, – deyə Y.Krimpe qeyd edib.
Mərkəzi və Şərqi Avropa regionunda innovativ fəaliyyətin dəstəklənməsi məqsədi daşıyan “New Europe 100” layihəsi artıq üçüncü ildir ki, “Res Publica” fondu, “Google” korporasiyası, Beynəlxalq Vışeqrad fondu və “Financial Times” dərgisi tərəfindən həyata keçirilir. Layihə üzrə ötən illərin reytinqlərində Estoniyanın keçmiş Prezidenti Tomas Hendrik İlves, Slovakiyanın Prezidenti Andrey Kiska, “Skype” xidmətinin təsisçilərindən biri, dünyada ikinci ən nəhəng mobil tətbiq dükanının yaradıcısı və digər nüfuzlu siyasət və biznes xadimləri yer alıblar.