İQTİSADİYYAT
“Asan İmza” texnologiyası onlayn bankçılıq xidmətlərini genişləndirməyə imkan verir
Bakı, 21 iyul, AZƏRTAC
“Unibank”ın müştərisi olan hüquqi şəxslər və fərdi sahibkarlar indi yenilənmiş internet bankinq xidmətinə “Asan İmza” ilə də qoşula bilirlər. Bu xidmətdən yararlanarkən “Asan İmza” mobil elektron imzanın istifadəsi bir çox üstünlüklərə malikdir. Bu üstünlüklərdən biri də ödənişlərlə bağlı sənədin bank sisteminə avtomatik daxilolma imkanının təqdim edilməsidir.
“B.EST Solutions” şirkətindən AZƏRTAC-a bildirilib ki, “Asan İmza” (Mobil imza) elektron xidmətlərə daxil olarkən və sənədləri elektron imza ilə imzalayan zaman kimliyi təsdiqləmək üçün müştərinin mobil identifikasiyasıdır. “Asan İmza” (Mobil imza) bütün mövcud e-xidmətlərdən maksimum təhlükəsiz şərtlərdə istifadəni mümkün edir. Bu texnologiyanın açar üstünlüyü əlavə proqram təminatına və smart-kartı oxuyan qurğuya ehtiyacın olmamasıdır. “Asan İmza” texnologiyası onlayn bankçılıq xidmətlərini genişləndirməyə imkan verən bir sıra əhəmiyyətli üstünlüklər təqdim edir. Bunlardan xüsusilə “Asan İmza”nın ölkə qanunvericiliyinə əsasən, qanuni mobil elektron imza olması və elektron mühitdə avtorizasiyanın və sənədlərin imzalanmasının rahatlığı, yüksək etibarlılığı və təhlükəsizliyi təmin etməsini vurğulamaq olar. “Asan İmza”nı əldə edən müştərilərimiz, eyni zamanda, ölkədə fəaliyyət göstərən “Elektron hökumət” və digər portallar vasitəsilə təqdim olunan 500-dən artıq elektron xidmətdən istifadə imkanı əldə edir. Buna görə də “Asan İmza” sahibləri evdən, iş yerindən ayrılmadan və ya dünyanın istənilən nöqtəsindən “Unibank” internet bankinq xidmətlərindən çox asan, sürətli və təhlükəsiz şəkildə istifadə edə biləcəklər.
“Unibank”ın yenilənmiş internet bankinqində bir sıra təkmilləşmələr aparılıb. Belə ki, ölkədaxili və bankdaxili əməliyyatlar daha çox imkanlı, hər bir müştərinin fərdi tələbatına uyğun olub. Yeni funksiyaların əlavə edilməsi, bir neçə imzanı daxil etməyin mümkünlüyü hüquqi şəxslərin və fərdi sahibkarların işini xeyli asanlaşdırıb. Büdcə ödənişləri (DSMF/Vergi/Gömrük və digər) bölümü yeni dizaynda təqdim edilib və istifadəsi daha asan olub, həmçinin təqdim olunan “Azercell” bölümü şirkətin korporativ nömrələrə görə ödəniş funksiyası təkmilləşdirilməklə yanaşı, asanlaşdırılıb. “Maaş köçürmələri” bölümünə yeni imkanlar əlavə edilib. Eyni zamanda, avtorizasiya və identifikasiya zamanı geniş seçim imkanı yaradılıb, ödənişlərin təsdiqlənmiş variantını istənilən vaxt çıxarmaq mümkün olub.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud “facebook” və “twitter” səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.