İQTİSADİYYAT
Əsas kapitala yönəldilmiş ümumi vəsaitin 16,2 faizi tikintiyə sərf edilib
Bakı, 23 noyabr, AZƏRTAC
Cari ilin yanvar-oktyabr aylarında ölkəmizin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11 milyard 889,2 milyon manat vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əsas kapitala yönəldilmiş sərmayədə müəssisə və təşkilatların vəsaitləri 8 milyard 168,4 milyon manat, bank kreditləri 1 milyard 265,6 milyon manat olub. Büdcə vəsaitləri 1 milyard 634,8 milyon manat, büdcədənkənar fondların vəsaitləri 125,5 milyon manat, əhalinin şəxsi vəsaitləri 431,6 milyon manat, digər vəsaitlər 263,3 milyon manat təşkil edib.
Həmin dövr ərzində əsas kapitala yönəldilmiş ümumi vəsaitin 66,9 faizi sənayeyə, 16,2 faizi tikinti, 9,1 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrinə, 1,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,5 faizi dövlət idarəetməsi və müdafiə, icbari sosial təminat, hər birində 0,9 faiz olmaqla informasiya və rabitəyə, təhsilə istiqamətləndirilib. Bundan başqa, ümumi vəsaitin 0,8 faizi səhiyyə, 0,7 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsinə, 0,5 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyətə, 0,4 faizi ticarət, 0,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, hər birində 0,1 faiz olmaqla peşə, elmi və texniki fəaliyyət və digər sahələrdə xidmətlərin göstərilməsinə sərf edilib.