İQTİSADİYYAT
Əsas kapitala yönəldilmiş vəsaitlərin 70,0 faizi tikinti-quraşdırma işlərinə sərf edilib
Bakı, 21 iyul, AZƏRTAC
2017-ci ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7 milyard 138,6 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz az vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, istifadə olunmuş vəsaitin 5 milyard 613,3 milyon manatı və ya 78,6 faizi məhsul istehsalı obyektlərinin, 1 milyard 143,1 milyon manatı (16,0 faizi) xidmət sahələri üzrə obyektlərin, 382,2 milyon manatı (5,4 faizi) isə ümumi sahəsi 838,1 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunub.
Ümumi sərmayənin 30,2 faizi dövlət, 69,8 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 70,0 faizi tikinti-quraşdırma işlərinə sərf edilib.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 40,0 faizini təşkil edib.
Əsas kapitala yönəldilmiş sərmayədə müəssisə və təşkilatların vəsaitləri 5 milyard 19,3 milyon manat, bank kreditləri 848,5 milyon manat, büdcə vəsaitləri 817,4 milyon manat, büdcədənkənar fondların vəsaitləri 90,2 milyon manat, əhalinin şəxsi vəsaitləri 328,5 milyon manat, sair vəsaitlər 34,7 milyon manat təşkil edib.