ELM VƏ TƏHSİL
“Əsassız erməni iddiaları və tarixi faktlar. Suallar və cavablar” kitabı ictimaiyyətə təqdim olunub
Bakı, 28 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi erməniləri ifşa edən əsərlər yazmaqla, mövcud nəşrləri tərcümə edərək ictimaiyyətə çatdırmaqla xalqımıza, Azərbaycan dövlətçiliyinə xidmət göstərməkdədir. Belə əsərlərdən biri də bu günlərdə Azərbaycan dilinə tərcümə edilərək ictimaiyyətə təqdim olunan “Əsassız erməni iddiaları və tarixi faktlar. Suallar və cavablar” kitabıdır.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tərcümə 2011-ci ildə Ankarada Strateji Araşdırmalar Mərkəzi tərəfindən ingilis dilində nəşr olunan “Armenian allegations and historical facts. Questions and answers (“Əsassız erməni iddiaları və tarixi faktlar. Suallar və cavablar”)” kitabı əsasında edilib. Əsəri ingiliscədən dilimizə çevirən və “Ön söz”ün müəllifi Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva, redaktoru “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqovdur.
Kitabda son vaxtlar qondarma “erməni soyqırımı” ilə bağlı avantüraların yenidən gündəmə gəlməsindən bəhs olunur. Real tarixi faktları görməzdən gələrək, heç bir əsası olmayan saxta “dəlillərlə” beynəlxalq ictimaiyyətin mövqeyini çaşdırmağa yönələn bu kimi bədnam kampaniyalara qarşı addım olaraq, əsl həqiqətlərin daha geniş miqyasda təbliğinə zəruri ehtiyac yaranır. Nəşr bu baxımdan erməni yalanlarına qarşı mübarizədə əsas vasitələrdən biri hesab oluna bilər.
Kitabın əsas hissəsini erməni iddiaları ilə bağlı 12 sual və bu suallara tarixi faktlara söykənən tutarlı cavablar təşkil edir. Nəşrdə 1973-1986-cı illərdə ermənilər tərəfindən törədilən terror aktlarının xronoloji siyahısı da yer alıb. Kitabın sonunda biblioqrafiya və mövzu ilə bağlı tarixi fotoşəkillər təqdim olunur.
Nəşr həm elmi ictimaiyyət, həm də ümumilikdə hər bir azərbaycanlı üçün tarixi həqiqətləri öyrənmək baxımından dəyərli istinad mənbəyi ola bilər.