REGİONLAR
Əsgər valideynləri hərbi hissədə yaradılan şəraitdən razı qalıblar
Ağcabədi, 11 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, sentyabrın 11-də Qurban bayramı münasibəti ilə Ağcabədi rayonu ərazisindəki “N” hərbi hissəsində əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın Dövlət Himninin oxunması ilə başlayıb. Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin zabiti Sadiq Mehrəliyev və hərbi hissənin komandiri Vüqar Məmmədov şəxsi heyəti və valideynləri milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğuların rəmzi olan Qurban bayramı münasibətilə təbrik edib, onlara əmin-amanlıq və cansağlığı arzulayıblar. Çıxışlarda ordumuzun döyüş və mənəvi-psixoloji hazırlığının daha da gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işlərdən söhbət açılıb. Bildirilib ki, Azərbaycan ordusu bu gün regionun ən güclü ordusuna çevrilib. Ordumuzun qarşısında duran ən vacib vəzifə işğal altında olan torpaqlarımızın azad edilməsi, respublikamızın ərazi bütövlüyün bərpa olunmasıdır. Silahlı qüvvələrimiz bu vəzifəni yerinə yetirməyə hazırdır və buna qadirdir.
Valideynlər çıxış edərək, günü-gündən qüdrətlənən Azərbaycan ordusu ilə fəxr etdiklərini bildirib, əsgərlərimizə Vətənə şərəflə xidmət etməyi və işğal altında olan torpaqlarımızın azadlığı uğrunda Ali Baş komandanın əmri ilə hər an döyüşə atılmağa hazır olmağı tövsiyə ediblər. Onlar hərbi hissədə texnika və silahlarla, qida rasionuna daxil olan ərzaq nümunələri, əsgər geyimləri ilə yaxından tanış olub, şəxsi heyətin xidmət və məişəti üçün yaradılan şəraitlə maraqlanıb, yataq yerlərinə, tibb məntəqəsinə və yeməkxanaya baş çəkiblər. Valideynləri maraqlandıran suallar hərbi hissə komandanlığı tərəfindən cavablandırılıb.
Qaradağ rayonundan gəlmiş valideyn Reyhan Cəbrayılova hərbi hissə ilə bağlı təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşərək deyib: “Bu gün biz hərbi hissədə əsgərlər üçün yaradılmış şəraitlə, övladlarımızın xidməti ilə yaxından tanış olduq. Ordumuzun yüksək təminatı barədə məlumatım vardı. İndi bunun əyani şahidi oldum. Artıq övladım üçün heç bir narahatlıq hissi keçirmirəm. Yaradılan bu şəraitə görə əsgər anaları adından Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm”.
Sumqayıt şəhərindən gəlmiş digər valideyn Nail Abdinov: “Bu gün bir daha şahidi oldum ki, Azərbaycanın güclü ordusu var. Ordumuz hər cür qayğı ilə əhatə olunub. Əsgərlərin əhval-ruhiyyəsi yüksəkdir”.
Əsgər anası Mələk Dadaşova fikirlərini belə ifadə edib: “Əsgərlərin geyimindən, onlara verilən yeməklərdən, hərbi hissədəki təmizlikdən və səliqə-sahmandan çox razı qaldım. Bütün bunlara görə dövlətimizə, Ali Baş komandana minnətdaram”.
İncəsənət ustalarının ifasında rəngarəng konsert proqramı əsgər və valideynlərdə əsl bayram əhval ruhiyyəsi yaradıb. Hərbi hissədə qurbanlar kəsilib. Qonaqlar əsgərlərlə birgə rəqs edib, şənləniblər. Sonra əsgərlər və valideynlər birgə nahar ediblər.