İQTİSADİYYAT
Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun tikintisi davam edir VİDEO
Bakı, 10 iyun, AZƏRTAC
Biləsuvar rayonu Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində sözügedən yolun tikintisi aparılır.
Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, uzunluğu 6 kilometr olan yol II texniki dərəcəyə uyğun tamamilə yeni tras üzrə layihələndirilib. Hərəkət hissəsinin eni 9 metr, hərəkət zolaqlarının eni 3,75 metr, çiyinlərin eni 3 metr, torpaq yatağının eni isə 15 metrdir. Yolun 1,68 kilometrində Bolqar çayı üzərində 3 aşırımlı, uzunluğu 81,3 metr olan avtomobil körpüsü inşa edilib. Bundan başqa, 7 yerdə ümumi uzunluğu 170 metr olan dairəvi boru, 3 yerdə ümumi uzunluğu 73 metr olan düzbucaqlı boru, 2 yerdə ümumi uzunluğu 47 metr olan düzbucaqlı su keçidi, həmçinin 9 yerdə yol birləşmələri və biri dairəvi olmaqla 3 yol kəsişməsi inşa edilib.
Layihə çərçivəsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə 30 işıq dirəyi,186 ədəd yol təhlükəsizlik dirəkləri, 94 ədəd müxtəlif yol nişanları və 4500 poqonmetr metal əyrixətli təhlükəsizlik sədləri də quraşdırılacaq.
Yolun tikintisində məqsəd M-3 Ələt-Astara-İran sərhədi magistral avtomobil yolu ilə R-43 Biləsuvar-İran sərhədi və R-42 Bəhramtəpə-Biləsuvar avtomobil yollarını birləşdirərək Biləsuvar rayon mərkəzinə daxil olmadan dairəvi yol kimi yük və sərnişin daşımasını təmin etməkdir. Eyni zamanda, bu yol vasitəsilə 10 mindən çox əhalisi olan Əsgərabad, Muğan və Çaylı yaşayış məntəqələrinə də avtonəqliyyat xidməti təmin ediləcək. Hazırda həmin yaşayış məntəqələrinə avtomobil nəqliyyatının hərəkəti yalnız Biləsuvar şəhərinin daxili yolları vasitəsilə təşkil olunur.