ELM VƏ TƏHSİL
“Əsgərə məktub” layihəsi davam etdiriləcək
Bakı, 9 yanvar, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə həyata keçirilən “Əsgərə məktub” layihəsi çərçivəsində şagirdlərin əsgərlərə ünvanladıqları məktublar cəbhə bölgələrində xidmət edən əsgərlərə çatdırılıb.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə bu qurumun tabeliyindəki ümumi təhsil müəssisələrinin I-XI sinif şagirdləri könüllülük əsasında əsgərlərə məktub yazıblar.
Layihənin əsas məqsədi əsgərlərimizə mənəvi dayaq olmaq, ictimaiyyətin ordu ilə birliyini daha da gücləndirmək və məktəblilərin vətənpərvərlik ruhunda tərbiyəsi işinə töhfə verməkdir.
Şagirdlərin məktublarında Azərbaycan əsgərinə göstərdiyi qəhrəmanlığa və möhkəm iradəyə görə minnətdarlıq edilir, xalqımızın hər bir nümayəndəsinin döyüşə hazır olduğu bildirilir və ərazi bütövlüyümüzün bərpasına sonsuz inam ifadə olunur.
Xalqımızın birliyinin və hər bir vətəndaşın mübariz ruhunun təcəssümü olan “Əsgərə məktub” layihəsinin davam etdirilməsi nəzərdə tutulur.