CƏMİYYƏT
Əsgərlər arasında bilik yarışması keçirilib
Bakı, 25 iyun, AZƏRTAC
Qaradağ rayon Heydər Əliyev Mərkəzində “26 iyun Silahlı Qüvvələr günü”nə həsr olunmuş hərbi hissələrin əsgərləri arasında bilik yarışması keçirilib.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə keçirilən bilik yarışmasının əvvəlində Azərbaycan Dövlət himni səslənib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, Baş İdarənin Gənclərlə iş sektorunun aparıcı-məsləhətçisi Samir Kazımov, Heydər Əliyev Mərkəzinin direktoru Hicran Xəlilova çıxış edərək 1918-ci il iyunun 26-da yaradılmış Azərbaycan Silahlı Qüvvələrinin şanlı tarixindən danışıblar. Bildirilib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev ordumuzun daha da güclənməsinə böyük diqqət və qayğı göstərir.
Sonra bilik yarışmasına start verilib. Əsgərlərə Azərbaycan hərb tarixi və ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında suallar verilib.
Sonda Heydər Əliyev Mərkəzinin direktoru Hicran Xəlilovaya Baş İdarə tərəfindən fəxri fərman təqdim edilib. Qaliblər isə müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıb.