REGİONLAR
Əsgərlər əsl bayram sevinci yaşayıblar VİDEO
Xırdalan, 26 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Pirəkəşkül qəsəbəsindəki “N” saylı hərbi hissədə bayram konserti təşkil edilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə hərbi hissənin həyətində ümummilli lider Heydər Əliyevin büstü ziyarət olunub. Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quliyev Silahlı Qüvvələr Günü münasibətilə zabit, gizir və əsgərləri təbrik edib, xalqımıza tezliklə qələbə sevinci arzulayıb. Ölkəmizdə ordu quruculuğu tarixinə nəzər salınaraq bildirilib ki, bu il yaradılmasının 99-cu ildönümünü qeyd edən Silahlı Qüvvələrimizin Azərbaycan tarixində özünəməxsus yeri var.
Çıxışlarda qeyd edilib ki, son dövrlər cəbhədə baş verən hadisələr, Ermənistan ordusunun təxribat xarakterli hücumları zamanı düşmənə göstərilən müqavimət, verilən qəti və kəskin cavab Azərbaycanın güclü və qüdrətli orduya malik olmasını sözdə deyil, əməldə sübut edir.
Rəsmi hissədən sonra tədbir konsert proqramı ilə davam etdirilib. Bayram şənliyində Xırdalan Şəhər Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin ifasında təqdim olunan rəngarəng musiqi nömrələri, Vətənə və orduya həsr edilmiş şeir kompozisiyası alqışlarla qarşılanıb.
Qonaqlarla birgə rəqs edən əsgərlər əsl bayram sevinci yaşayıblar. Qələbə əzminə köklənən musiqilər hər kəsdə xoş ovqat yaradıb.
Tədbirdə iştirak edən bir qrup sənətçiyə hərbi hissə adından vətənpərvərliyin təbliğinə görə fəxri fərmanlar təqdim olunub.
Daha sonra qonaqlar hərbi hissədə əsgərlərə yaradılan şəraitlə tanış olublar.