CƏMİYYƏT


“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İB-nin nümayəndəsi UNESCO QHT Simpoziumunda Qarabağ həqiqətlərindən danışıb

Bakı, 6 dekabr, AZƏRTAC

Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyası baş tutub. Sessiya çərçivəsində UNESCO-da akkreditasiyadan keçən qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə UNESCO QHT Simpoziumu keçirilib. “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin nümayəndəsi Fazil Qasımov simpoziumda “Silahlı münaqişələrin mədəni irsə təsirləri” mövzusunda çıxış edərək Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində Azərbaycanın mədəni irsinin erməni vandalizminə məruz qaldığını auditoriyanın diqqətinə çatdırıb.

İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, Fazil Qasımov çıxışında Ermənistanın işğalçı siyasəti nəticəsində bir milyona yaxın Azərbaycan vətəndaşının məcburi köçkünə çevrildiyini, onların qeyri-maddi mədəni irsinin təcili qorunmağa ehtiyacı olduğunu qeyd edib. O, Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün çoxsaylı proqram və layihələrin həyata keçirildiyini, bununla belə, erməni təcavüzünün, işğal olunmuş ərazilərdən köçkün düşmüş insanların mədəni irsinə böyük zərbə vurduğunu, zəngin ənənələrin daşıyıcıları olan məcburi köçkünlərin psixoloji, sosial və iqtisadi amillərin təsiri ilə mədəni irsin qorunmasında çətinliklərlə üzləşdiyini ifadə edib.

Fazil Qasımov Ermənistanın işğalçı siyasətinin Qafqaz regionunda sülhə, sabitliyə təhlükə yaratdığını, bölgədə yaşayan xalqlar arasında mədəniyyətlərarası dialoq imkanlarını məhdudlaşdırdığını qeyd edib, Azərbaycan torpaqlarının işğalından sonra Ermənistanın, Azərbaycan və Türkiyə ilə bütün mədəni, iqtisadi əlaqələrini itirdiyini söyləyib.

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin nümayəndəsi simpoziumda təmsil etdiyi qurumun məcburi köçkünlərin mədəni irsinin qorunması sahəsində həyata keçirdiyi layihələrdən, tədbirlərdən danışıb və evlərini, yurd-yuvalarını itirmiş məcburi köçkünlərin, könüllü olaraq bu tədbirlərdə iştirak etdiyini, zəngin ənənələrimizin yaşadılmasına böyük səy göstərdiyini diqqətə çatdırıb.

Fazil Qasımov çıxışının sonunda qeyri-hökumət təşkilatlarının silahlı münaqişələrdən zərər çəkən insanların mədəni irsinin qorunmasına dair layihələr həyata keçirməsinin zəruriliyini vurğulayıb, QHT-lərin beynəlxalq əməkdaşlıq imkanlarını düzgün dəyərləndirməsinin dünyada sülhə xidmət edəcəyini söyləyib.

Qeyd edək ki, 2016-cı il iyunun 1-də UNESCO-nun “Qeyri-maddi mədəni irsin mühafizəsi üzrə Konvensiya”ya üzv dövlətlərin Baş Assambleyasının 6-cı sessiyasında “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin UNESCO-da akkreditasiyasına dair qərar qəbul olunub və İctimai Birliyə qurumda məsləhətçi status verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.