MƏDƏNİYYƏT
Aşıqların deyişməsi hər zaman gözəl olur
Bakı, 25 noyabr, Zərəngiz Mansurova, AZƏRTAC
Noyabrın 25-də R.Behbudov adına Dövlət Mahnı Teatrında Bakıda keçirilən Türkiyə mədəniyyəti günləri çərçivəsində Azərbaycan və Türkiyə aşıqlarının deyişməsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev aşıqların deyişməsinin hər zaman gözəl olduğunu, sevinclə qarşılandığını bildirib. Xalqlarımızın tarixi köklərinin yaxınlığından qaynaqlanan belə tədbirlər gələcək münasibətlərimizin daha da dərinləşməsində mühüm əhəmiyyət daşıyır.
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri Seyid Ahmet Arslan çıxışında iki qardaş ölkə rəhbərlərinin dostluq münasibətlərindən söz açıb, ölkələrimizin birgə mühüm layihələrdə iştirakını xüsusi qeyd edib və bu münasibətlərin mədəniyyətimizin inkişafına verdiyi töhfələrdən danışıb.
Sonra hər iki ölkənin tanınmış aşıqlarının ifasında deyişmə başlayıb.
Görkəmli türk aşıqları Gültəkin Buludoğlu, Bahəddin Yıldızoğlunun, eləcə də Azərbaycan aşıqları Altay Məmmədov, Dəmir Gədəbəyli və başqalarının deyişmələri maraqla qarşılanıb.