İQTİSADİYYAT
Asiya-Afrika Ölkələrində Kənd Yerlərinin İnkişafı Təşkilatının rəhbərliyi Azərbaycanın bu quruma üzv olmasında maraqlıdır
Bakı, 30 avqust, AZƏRTAC
Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində “Asiya-Afrika Ölkələrində Kənd Yerlərinin İnkişafı Təşkilatı”nın (AARDO) təşkilatçılığı ilə “Kənd əhalisinin yaşayış səviyyəsinin yüksəldilməsinə mikromüəssisələrin rolu” mövzusunda regional seminar keçirilib. Seminarda Kənd Təsərrüfatı Nazirliyi aparatının heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev iştirak edib.
Bu barədə AZƏRTAC-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Seminarın gündəliyinə AARDO-ya üzv ölkələrdə kənd əhalisinin yaşayış səviyyəsinin yüksəldilməsi üçün həyata keçirilən tədbirlərin müzakirəsi və bu sahədə qabaqcıl təcrübənin təqdim edilməsi daxil idi.
Tədbirdə ölkəmizdə müstəqillik dövründə əldə edilmiş nailiyyətlər, kənd təsərrüfatının inkişaf etdirilməsi üçün həyata keçirilmiş tədbirlər, kənd əhalisinin yaşayış səviyyəsinin yüksəlməsi və s. haqqında geniş təqdimat edilib. Son illərdə respublikamızda həyata keçirilən “Ətlik-südlük qaramaldan ibarət ailə heyvandarlıq təsərrüfatının yaradılması layihəsi”nin unikallığı ilə fərqlənməsi iştirakçılar tərəfindən maraqla qarşılanıb və geniş müzakirələrə səbəb olub.
Təşkilatın rəhbərliyi Azərbaycanın AARDO-nun həyata keçirdiyi layihələrdə iştirak etməsində və ölkəmizin üzvlüyə qəbul olunmasında maraqlı olduğunu və bunun üçün təşkilat tərəfindən ilk addımların atıldığını bildirib.
Vurğulanıb ki, ölkəmizin təşkilata üzv olması Azərbaycanda uğurla aparılmış aqrar islahatlardan əldə edilmiş təcrübənin region ölkələrində yayılmasında, habelə respublikada istehsal edilən məhsulların tanınması ilə ixrac imkanlarının genişləndirilməsində mühüm rol oynaya bilər.
Xatırladaq ki, AARDO 1962-ci ildə yaradılıb və hazırda Afrika və Asiya regionuna daxil olan 30 ölkəni birləşdirir.