İQTİSADİYYAT
Asiya İnfrastruktur İnvestisiya Bankının növbəti illik iclası Hindistanda keçiriləcək
Pekin, 15 iyun, AZƏRTAC
Azərbaycanın təsisçi-üzv olduğu Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Rəhbərlər Şurasının üçüncü iclası gələn ilin iyununda Hindistanın Mumbai şəhərində keçiriləcək. Bu barədə qərar bankın Rəhbərlər Şurasının Cənubi Koreyanın Cecu adasında keçirilən ikinci iclasında qəbul olunub.
AİİB-in yaydığı məlumatda deyilir ki, Hindistan Çindən sonra bankın ikinci ən böyük pay sahibidir.
Hindistanın maliyyə naziri Arun Caytley deyib ki, ölkəsi AİİB-in növbəti illik iclasını yüksək səviyyədə keçirmək üçün hər cür şərait yaradacaq.
Asiya İnfrastruktur İnvestisiya Bankının Rəhbərlər Şurasının ilk iclası ötən ilin iyununda Pekində keçirilmişdi. Nizamnamə kapitalı 100 milyard ABŞ dolları məbləğində müəyyən edilən bank ali orqanı Rəhbərlər Şurasıdır. Struktur layihələrini maliyyələşdirməklə Asiya regionunun inkişafına dəstək məqsədilə yaradılan bank ötən müddətdə Azərbaycan, Pakistan, Banqladeş, Hindistan, İndoneziya, Tacikistan, Oman, Myanma və Gürcüstanda, ümumilikdə 15 layihəyə təxminən 2 milyard dollardan çox vəsait ayırıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin