İQTİSADİYYAT
Asiya İnfrastruktur İnvestisiyaları Bankının vitse-prezidentləri təyin edilib
Bakı, 6 fevral, AZƏRTAC
Azərbaycanın da təsisçisi olduğu Asiya İnfrastruktur İnvestisiyaları Bankı (AİİB) inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə, habelə çoxprofilli təsisatlarda iş təcrübəsi olan beş vitse-prezidentin təyinatını elan edib.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, 2010-2015-ci illərdə Böyük Britaniya Maliyyə Nazirliyinin baş katibi vəzifəsində çalışmış Denni Aleksandr AİİB-in vitse-prezidenti və korporativ katibi təyin edilib.
Koreya İnkişaf Bankının sədri və baş icraçı direktoru vəzifəsini tutan Kittak Xon risklərin idarə olunmasına məsul vitse-prezident olub. Daha bir vitse-prezident D.C.Pandianın Hindistanın dövlət idarələrində 30 illik təcrübəsi var. O, investisiya məsələlərinə cavabdeh olacaq. Hazırda Dünya Bankının maliyyələşdirmə məsələlərinə məsul olan vitse-prezidenti Yoahim fon Amsberq (Almaniya) AİİB-in siyasət və strategiya məsələləri üzrə vitse-prezidenti, 20 il İndoneziya hökumətində yüksək vəzifələr tutan Laki Eko Vuryanto inzibati məsələlərə məsul vitse-prezident təyin edilib.
Qərargahı Pekində yerləşən yeni bank Asiyada infrastruktur inkişafın həyata keçirilməsinə və regional qarşılıqlı əlaqələrin qurulmasına maliyyə dəstəyi göstərmək üçün yaradılıb. Enerji resursları, elektroenergetika, nəqliyyat, kənd infrastrukturu, ətraf mühitin və logistikanın mühafizəsi sahəsində layihələr ümumi kapitalı 100 milyard ABŞ dolları olan AİİB-in fəaliyyətinin prioritet istiqamətləridir.