İQTİSADİYYAT


Asiya İnkişaf Bankı “Şahdəniz-2”nin işlənməsi məqsədilə 1 milyard dollar kredit ayırıb

Bakı, 7 dekabr, Nihad Budaqov, AZƏRTAC

Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasının qərarı ilə “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində dünyanın ən böyük qaz yataqlarından olan Azərbaycanın “Şahdəniz-2” qaz yatağının işlənməsi məqsədilə özəl və dövlət sektora 1 milyard dollar kredit ayrılıb.

AZƏRTAC banka istinadən xəbər verir ki, bu maliyyə vəsaitinə “Cənub Qaz Dəhlizi” QSC üçün özəl sektora 500 milyon dollar vəsaitin ayrılması və əlavə 500 milyon dollarlıq kredit üçün zəmanətin verilməsi daxildir. Zəmanət beynəlxalq banklar tərəfindən QSC-yə verilən 526 milyon dollarlıq kommersiya kreditlərinə aiddir. Bankın maliyyə yardımını hökumət sosial ehtiyaclara və karbohidrogendən asılı olan Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi səylərinin davam etdirilməsinə yönəldə bilər.

“AİB 2015-ci ildə özəl sektor vasitəsilə “Şahdəniz” qaz yatağının genişləndirilməsi üçün layihəyə dəstək verib. “Cənub” qaz dəhlizinə verilən bu maliyyə yardımı AİB-in həmin layihənin inkişafı istiqamətində fəaliyyətə olan inamının bariz nümunəsidir”, - deyə bankın özəl sektor üzrə əməliyyatlar departamentinin baş direktoru Maykl Barrou vurğulayıb.

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazın “Cənub” qaz dəhlizinin seqmentlərini təşkil edən “Şahdəniz Mərhələ 2”, “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi”, Trans-Anadolu (TANAP) və “Trans-Adriatik” (TAP) layihələri ilə Türkiyəyə və bu ölkədən də Avropaya nəqli nəzərdə tutulur. 3 min 500 kilometr uzunluğundakı “Cənub” qaz dəhlizi dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Bu dəhlizlə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. Azərbaycan təbii qazının 2019-cu ilədək Türkiyəyə, 2020-ci ilə qədər isə Avropaya çatdırılması planlaşdırılır. Azərbaycanın bu il “Cənub Qaz Dəhlizi” layihəsinə ümumilikdə 2 milyard 809 milyon dollar vəsait sərf etməsi nəzərdə tutulur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.