İQTİSADİYYAT
Asiya İnkişaf Bankının 50 illik tarixinə həsr edilmiş kitab təqdim olunub
Bakı, 4 may, AZƏRTAC
Asiya İnkişaf Bankının (AİB) tarixinə həsr olunmuş "Asiya və Sakit okeanı regionun gələcəyi ilə bağlı bankçılıq: Asiya İnkişaf Bankının 50 illiyi" adlı kitab Yokohamada AİB Müdirlər Şurasının 50-ci İllik Toplantısında təqdim olunub.
Bankdan AZƏRTAC-a bildiriblər ki, kitabda 1966-cı ildə təsis olunduğu tarixdən bu günədək AİB-in onillikləri əhatə edən fəaliyyətindən ətraflı şəkildə bəhs olunur. Kitabın müəllifi Avstraliya Milli Universitetinin akademiki, AİB-in keçmiş icraçı direktoru Peter MakKauleydir. Kitabın məqsədi 50 il müddətində unikal regional perspektivini nəzərə alaraq, Asiyada meydana çıxan çağırışlara AİB-in hansı yollarla cavab verməsini nəzərdən keçirməkdir.
Kitab son 30 ildə AİB-in korporativ tarixini müfəssəl təsvir edən ilk kitabdır. Sonuncu kitab təşkilatın 20 illiyini qeyd etmək məqsədilə 1987-ci ildə dərc edilmişdi.
Qeyd edək ki, 1999-cu ildən Azərbaycanla uğurla əməkdaşlıq edən AİB Manilada yerləşir və inklüziv iqtisadi artım, ekoloji baxımdan dayanıqlı artım və regional inteqrasiya vasitəsilə Asiya və Sakit Okeanı regionunda yoxsulluğun azaldılması məqsədi daşıyır. 1966-cı ildə təsis edilən təşkilata 67 ölkə üzvdür, bunlardan 48-i qeyd olunan regiondandır. 2016-cı ildə AİB-ın yardımı 31,7 milyard dollar təşkil edib, bunun 14 milyard dolları birgəmaliyyələşdirmə formasında olub.